XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2017 - 15:28

MTN-nin intihar edən polkovnikinin işi araşdırılır –Məhkəmə prosesi

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin (ATM) sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə iki şahid ifadə verib.

Şahid qismində ifadə verən MTN-in keçmiş əməkdaşı, mayor Mübariz Hüseynov bildirib ki, ilk xidməti yeri MTN-in 8-ci şöbəsi olub: “2004-cü ildə isə nazirliyin Antiterror Mərkəzinə əməliyyat müvəkilli vəzifəsinə təyin olunmuşam, 2015-ci ilin dekabr ayında MTN-dən təqaüdə çıxışam. Mərhum Malik Mustafayevi nazirliyin əməkdaşı kimi qiyabi olaraq tanımışam. Mərhumun intihar etməsini hadisədən bir müddət sonra nazirlikdəki əməkdaşlardan eşitmişəm. Bu barədə mətbuatdan da oxumuşam. Malik Mustafayev ləğv olunmuş MTN-in mərkəzlərindən birində rəis müavini olub”.

Şahidin sözlərinə görə, ATM-də işləyən zaman mərkəzin əməkdaşı kimi gündəlik ictimai-siyasi vəziyyət barədə arayış tərtib edib və bu zəmində Malik Mustafayevin intiharı barədə məlumatlı olub, intihar etmə səbəbi kimi qardaşı Mətləb Mustafayevin həbs olunmasının ona pis təsir etməsini fikirləşib: "Malik Mustafayevin qardaşı Mətləb Mustafayevlə həbs olunan zaman MTN-in İstintaq baş idarəsində xüsusi otaqda görüşmüəm. Görüş barədə mənə ATM-in rəis müavini İlqar Əliyev göstəriş verib. İlqar Əliyev mənə Mətləb Mustafayevin İran İslam Respublikasının vətəndaşları Rza və Hüseynlə əlaqədə olduğunu deyib. Rza və Hüseyn adlı şəxslərin silah qaçaqmalçılığında adları keçib, axtarışda olublar. Mətləb Mustafayev isə əməliyyat məlumatına əsasən həmin şəxslərdən silah əldə etməkdə şübhəli olub. İstintaq baş idarəsində isə Mətləb Mustafayev barəsində silah saxladığına görə cinayət işi istintaq olunub. Mətləb Mustafayevlə təxminən üç dəfə görüşmüşəm”.

Binəqədi Rayon Məhkəməsinin icra məmuru Şahmalı Əhmədov iş adamı Yalçın Abdullayev epizodu üzrə ifadə verib.

O deyib ki, Yalçın Abdullayevə məxsus avtomobili dayanacağa yerləşdirib və sonra dayanacaqdan avtomobili kimin götürdüyünü bilməyib.

Elçin Quliyev ittiham aktı üzrə keçən işin yekunlaşdırılmasını, çıxışlara başlanmasını təklif edib.

Mətləb Mustafayev istintaqın yekunlaşmasına etirazını bildirib. Deyib ki, epizod üzrə bütün şahidlərin dindirilməsi təmin olunmalıdır. Hakim də məhkəmə istintaqının yekunlaşdırılmasının tərəfdarı olub. Hakim deyib ki, növbəti prosesdə məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul ediləcək. Həm hakim, həm də prokuror dindirilən şahidlərlə işi yekunlaşdırmağın mümkün olduğunu deyiblər. Amma Mətləb Mustafayev yenə də etiraz edib. Bildirib ki, iştirak etdiyi epizod üzrə bütün şahidlər məhkəməyə çağırılmalıdır. Onun sözlərinə görə, vəsatətində verdiyi əlavə şahidlərin də məhkəmədə dindirilməsi vacibdir.

Növbəti proses oktyabrın 2-də davam edəcək.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in heydər Əiyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Report.az