XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 14:49

Polis rəisinin müavinini güllələyənlərin kimliyi müəyyənləşib –DİN-dən açıqlama


Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib. 

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib: “Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib: “Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.

Virtualaz.org isə xəbər verib ki, Muşviq Mədətova hücum edən “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Cinayətin motivləri bəlli deyil.

Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.

Virtrualaz.org həmçinin Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarını da öyrənib. Bildirilir ki, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov salonunda şübhəli şəxslərin olduğu “Toyota Prado” avtomobilini təqib ediblər.

Qara Qarayev prospektindəki “Ruslan 93” idman kompleksinin yaxınlığında Orxan Axundzadə “Toyota Prado” avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə "Vinçester" markalı tüfəngdən atəş açıb və onu yaralayıb.

Polis əməkdaşları ilə cinayətkarlar arasında atışma başlanıb. Cinayətkarlar aradan çıxmağı bacarıblar.

Səbail Rayon Polis İdarəsinin rəisi də hadisə yerinə gəlib.

Hadisəni törədən cinayətkarların yaxalanması üçün müvafiq tədbirlər görülür.