XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2017 - 14:50

Jurnalist İmdad Əlizadə atasının ölümünə görə 166 minlik iddia qaldırdı –Məhkəmə

Nərimanov Rayon Məhkəməsində jurnalist İmdad Əlizadənin atası Əli Əliyevin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları”nın işçisi Seymur Qarayevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə mərhum Ə.Əliyevin hüquqi varisi İ.Əlizadə vəsatət verərək istintaq dövründə həbs edilməyək polisin nəzarətinə verilən S.Qarayev barəsində həbs-qətimkan tədbiri seçilməsini istəyib. Hakim bildirib ki, vəsatət növbəti iclasda yazılı formada təqdim edilməlidir.

Daha sonra İ.Əlizadə bildirib ki, istintaq dövründə S.Qarayevə qarşı 166 min manat məbləğində mülki iddia qaldırıb.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə 4700 manat, Mərkəzi Klinik Xəstəxanada 67 min 881 manat, “Avrasiya” Hospitalda 59 min 50 manat, Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Mərhumun ailəsinin “Avrasiya” Hospitalına əlavə olaraq 11 min 270 manat borcu qalıb.

Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14 000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15 000 manat kompensasiya tələb edib.

Məhkəmədə ittiham aktını elan edilib. İttihama görə, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "GAC MİNİK” markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən qanunu pozaraq piyadalar Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli oğlunu vurub.

Nəticədə Ə.Əliyevə ağır zərər vurmaqla ölməsinə səbəb qəza törədib və bu zaman yol nəqliyyatı qaydalarını pozub. Eyni zamanda, digər zərərçəkmiş Ə.Talıbovun sağlamlığa ağır zərər vurub. S.Qarayev özünü təqsirli bildiyini, amma mülki iddianı qəbul etmədiyini deyib.

Zərəçəkmiş Ə.Talıbov ifadə verərək S.Qarayevdən şikayətçi olduğunu bildirib: "Hadisədən sonra Seymur Qarayev mənə heç bir köməklik göstərmədi. Qəzadan sonra aldığım xəsarətlərə görə işləmirəm. Hazırda sosial vəziyyətim çox acınacaqlı durumdadır. Seymur Qarayev xəstəxanada mənim MRT müayinə cavablarını özü ilə aparıb və bu günə qədər də qaytarmayıb. O, mənə dedi ki, "get rayona, sənə orada yardım göstərəcəm". Lakin Seymur Qarayev dediyinə əməl etmədi".

Ə.Talıbov qeyd edib ki, S.Qarayev istintaqda və məhkəmədə yalan ifadələr verib: "O, bizi gördüyü halda maşının əyləcini basmadı, bizi vurduqdan sonra maşını saxladı. İndi yalandan deyir ki, guya biz qəfildən avtomobilin qarşısına çıxmışıq. Bunlar hamısı yalandı".

Ə.Əlizadəyə çıxış üçün söz verilsə də, hazır olmadığını bildirərək məhkəmədən vaxt istəyib. Proses dekabrın 8-də davam etdiriləcək. Qeyd edək ki, hadisədən sonra 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyulun 2-də dünyasını dəyişib.