Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xidmətin Baş İdarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 228.2.1-ci, 307.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Bayramov Elşən Mahal oğluna atası Gəncə şəhər sakini Bayramov Mahal Novruz oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman xurmanın içərisinə xüsusi üsulla gizlədilmiş 7 ədəd polietilen torbaya bükülmüş və çəkisi 2,41 qram olan marixuana, eləcə də 6 ədəd siqaret kağızına bükülmüş, çəkisi 2,322 qram təşkil edən heroin aşkarlanaraq götürülüb.
Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Gəncə Şəhər Baş Polis İdarəsinə göndərilib.