XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 14:25

Sabiq nazir müavininin dələduzluqda təqsirləndirilən qohumunun məhkəməsi davam edir –Proses

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda məhkəməsi davam etdirilən qardaşı Emil Hüseynov ifadə verib.

O, ibtidai istintaqa ifadəsini təsdiq etdiyini deyərək, məhkəmədə ifadə vermək istəməyib.

Proses dekabrın 12-də davam etdiriləcək.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Hüseynov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri, nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

APA