XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 23:29

“Şirkət Səlim Krimanın əlində olub…” –“Çudo Peçka”nın təsisçisinin məhkəməsində mübahisə yaranıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında ifadə verən "Bank Standart"ın Kredit departamentinin müdir müavini vəzifəsində çalışmış Cahangir Axundov təqsirləndirilən şəxsin vəkili Janna Bağırovanın suallarını cavablandırıb.

O bildirib ki, 2004-cü ildə formal olaraq Kredit departamentinində çalışıb: "2005-ci ildə müştəri xidmələrinə direktor təyin edilmişəm. Uzun müddət həmin vəzifədə çalışmışam".

Vəkil J.Bağırova söyləyib ki, şahid Bankın İdarə heyətinin üzvü olub.

Şahid isə bunu təkzib edib: "İdarə heyətində olmamışam. "Çudo Peçka"ya kredit ayrılan zaman onların pulu qaytarmaq imkanı olmayıb. 2011-ci ildə pullar o qədər şişdi ki, artıq onlara kredit verilmədi. Bankın idarə heyətinin sabiq sədri Səlim Krimanın kimlərləsə cinayət əlaqəsinə girməsindən xəbərim yox idi. "Çudo Peçka"ya 21 milyon kredit verilib. Həmin pulların hamısı Səlim Krimanın qərarı əsasında verilib. Bizim ona qarışmaq imkanımız olmayıb".

C.Ağundov bildirib ki, 2014-cü ildə S.Kriman onu işdən uzaqlaşdırıb: "Həmin il idarə heyətində təmsil olunmuşam. 2015-ci ildə yenidən "Çudo Peçka"ya 6 milyon ayrılıb. Həmin pulu Səlim Krimanın yerinə gətirilən yeni sədr vermişdi. Yəqin ki, yeni sədr təsisçilərlə məsləhətləşəndən sonra bu pul ayrılıb. Çox məsələrlə bağlı bizim xəbərimiz olmurdu".

O qeyd edib ki, daha sonra "Çudo Peçka" bank rəhbərliyinin nəzarətində idi: "Şirkət Səlim Krimanın əlində olub. Ona görə ayrılan pullardan xəbərsiz olurduq".

Təqsirləndirilən şəxsin vəkili J.Bağırova ilə şahid arasında mübahisə yaranıb. Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Şahid qismində ifadə verən Ələkbər Həşimov qeyd edib ki, "Çudo Peçka" mağazasında çalışıb, hazırda isə işsizdir. O, adına kredit götürüldüyünü söyləyib: "Məbləğdən xəbərim yoxdur. Mənə Pərviz Cəlilov dedi ki, banka gedim. O, girov və pulun onların olduğunu bildirdi. Mən sənədlərə qol çəkmişəm, pulu isə görməmişəm".

Digər şahid Aydın Əhmədov dindirilən zaman söyləyib ki, "Bank Standard"ın sabiq əməkdaşı olub. O, 2007-ci ildən bankda çalışdığını bildirib: "Çudo Peçka" MMC kredit üçün banka müraciət edəndən sonra biz həmin şirkətin mağazasını yoxlamışıq".

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Ç.Cəlilovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxsin və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manat kimi qiymətləndirilib və bütün əmlaklarına həbs qoyulub.

Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Krimanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda o, "İnterpol" xətti ilə axtarışa verilib.