XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 09:56

Həm əfv sərəncamı, həm amnistiya gözlənilir –“Bu praktikada baş verib”

YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzovun Milli Məclisin son iclasında amnistiya təşəbbüsü ilə çıxış etməsi və onunla paralel olaraq Əfv Komissiyasının da iclaslarının keçirilməsi bir sıra müzakirələr yaradıb. Eyni ildə həm əfv sərəncamının, həm də amnistiya aktının imzalanmasının mümkün olub-olmaması suallar doğurub.

Bir ildə həm əfv, həm amnistiya verilməsinə nadir hallarda rast gəlinir. Bu baxımdan bu il belə bir qərarın mümkünlüyü barədə danışılır.  Əfv Komissiyasının iclaslarının son günlərdə intensivləşməsi gələn ay sərəncamın veriləcəyi ehtimallarını artırır. YAP-ın sözçüsünün isə bu il mayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycanın Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı amnistiya təşəbbüsünü parlamentdə irəli sürməsi bu aktın verilə biləcəyinə olan ümidləri getdikcə artırır.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev hər iki qərarın verilməsinin mümkün olduğunu düşünür: “Müstəqillik əldə etdiyimiz son 27 ildə 63 əfv sərəncamı imzalanıb. Bəzi illərdə bir neçə əfv sərəncamı olsa da, bir çox hallarda bir olub. Baxsaq görərik ki, əfv sərəncamı verilən  ildə amnistiya aktı da verilə bilər. Müstəqil olduğumuz illərdə isə 11 amnistiya aktı olub. Bir şeyi unutmaq olmaz ki, amnistiya ilə əfv sərəncamı arasında tamam fərqli cəhətlər var. Birincisi, subyektlər arasında fərq var. Amnistiya aktı yalnız Milli Məclisin qərarı ilə qəbul oluna bilər. Amma əfv sərəncamı prezidentin müstəsna konstitusion səlahiyyətinə aiddir. Göründüyü kimi, səlahiyyətlərin subyektlər arasında fərqi var. Digər tərəfdən, əfv sərəncamı və amnistiya arasında fərq var. Əfv sərəncamına konkret şəxslərin, onların vəkillərinin, deputatların, QHT-lərin müraciətləri əsasında baxılırsa, amnistiya aktı belə deyil, yəni konkret fərdlərin müraciətləri əsasında ola bilməz. Digər tərəfdən, əfv konkret şəxslərə yönəlir, amma amnistiya qeyri-müəyyən şəxslərə aiddir. Yəni bu cinayətin kateqoriyasından asılı olan məsələdir. Amnistiya aktı verilərkən əvvəlcədən tam bilinmir ki, kimə aiddir. Bu cinayətin kateqoriyaları və məhbusun çəkdiyi cəzanın müddətindən asılı olur. Burada fərqli cəhətlər var və onlar üst-üstə düşmürsə, əfv sərəncamı və amnistiya aktının eyni ildə verilməsi istisna olunmamalıdır. Eyni zamanda, amnistiya verilmə tezliyinə görə tez-tez təkrarlanan akt ola bilməz. Bu akt hər il təkrarlanaraq verilmir. Əgər bu hər il verilsəydi, o zaman amnistiya aktı öz hüquqi fəlsəfəsini itirərdi.

Diqqət yetirsək görərik ki, amnistiya daha çox konkret yubiley tarixlərində olur. Amma əfv sərəncamı isə daha çox milli adət-ənənələr, görkəmli tarixlər ilində ola bilər və hər il təkrarlana bilər. Başqa bir fərqli cəhətdən də ondan ibarətdir ki, əfv sərəncamı prezident tərəfindən əvvəlcədən müəyyən edilir və konkret say tərkibi bəlli olur ki, neçə məhbusa bu şamil olunacaq. Amma amnistiya Milli Məclisin iclaslarında qəbul oluna bilər. Bilirsiniz ki, parlamentin tətil günləri də olur. Tətil günlərində isə bu akt qəbul oluna bilməz. Lakin ölkə başçısı tərəfindən ilboyu əfv sərəncamı imzalana bilər. Çünki bu prezidentin özünəməxsus səlahiyyətdir. Eyni zamanda, qüvvəyə minməsi ilə bağlı da burada fərqlər var. Əgər əfv sərəncamının icrası imzalandığı və ən gec halda elan olunduğu andan etibarən başlayırsa, bir gün ərzində bu başa çatmalıdırsa, amma amnistiya aktının qüvvəyə minmə tarixi özündə göstərilir. Məsələn, ayın 10-da verilirsə, 15-də qüvvəyə minə bilər. Digər tərəfdən, amnistiya aktının icrası bir gün ərzində deyil, bir neçə gün ərzində aparılır. Çünki bu məsələlərə məhkəmələr tərəfindən baxılmalıdır. Əfv sərəncamı isə konkret şəxslərə aid olur və ona yenidən məhkəmələr baxmır. Amnistiya aktında mütləq subyektlər olmalıdır. Aktı qəbul edən Milli Məclisdir, amma tətbiq edən məhkəmə və prokurorluq orqanlarıdır. Yəni bunu tətbiq edən orqanlar arasında da fərqlər vardır. Əfv sərəncamı isə birbaşa tətbiq olunur. Bu baxımdan bunlar fərqli aktlardır. Ona görə bunlar fərqli xüsusiyyətlərə malik olduqları üçün eyni ildə verilməsi mümkündür. Bu praktikada da baş verib. Bu il Cümhuriyyətimizin yüz illiyi və mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi kimi mühüm tarixlər var. Əvvəlki amnistiya aktlarının verildiyi zamanlara diqqət etsək görərik ki, belə önəmli tarixlərdə verilib”.

“Yeni Müsavat”