XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Fevral 2018 - 16:28

“Adıma kredit götürülüb, ona görə müstəntiq məni çağırdı…” –İş adamının məhkəməsi

Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standart İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Strateq.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Nazim Aslanov ifadə verib.

O bildirib ki, Cingiz Cəlilovla qohumdur: "Kreditə adıma pul götürülüb, ona görə müstəntiq məni çağırdı. Pullar mənim adıma rəsmiləşdirildi, amma onu Pərvizə verdim. Krediti "Çudo Peçka"nın inkişafına görə götürdük, şirkəti böyüdəcəkdilər. Qohum kimi kömək elədim".

Nazim Aslanov ifadəsində bildirib ki, "Çudo Peçka"ın 28 Mayda yerləşən mağazasında müdir çalışıb. O bildirib ki, mağaza onların olmayıb, arendaya götürülüb: "İşləri böyüdürdük. Təmir-tikinti işləri üçün avadanlıqlar alırdıq. 2008-ci ildən işdən çıxmışam".

Digər şahid Elmar Hüseynov isə qeyd edib ki, Çingiz Cəlilovla xalaoğludurlar: "Nəsimi bazarında olan mağazada müdir olmuşam. 2008-ci ilə qədər orda çalışmışam. Yardım məqsədilə adıma pul götürülüb. Bankda pulları götürüb Pərvizə vermişəm".

Şahid Nəsimi Abbasov bildirib ki, Çingiz Cəlilov onların ağsaqqalı olub: "Şirkətimizin sahibi idi. Bizə ağsaqqalıq edirdi. Mühafizəçi çalışmışam. İstintaqa nə bilirəmsə danışmışam, onu təsdiq edirəm".

İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.