XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2018 - 20:46

Şabranda cəsədi tapılan gəncin ölüm səbəbi müəyyənləşib- DİN-dən açıqlama

Şabran Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə cəsədi tapılan Elton Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonu üzrə regional qrupundan Azərtac-ın bölgə müxbirinə verilən məlumata görə, martın 3-də Şabran Rayon Polis Şöbəsinə (RPŞ) bir gəncin meyitinin tapılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla ölən şəxsin fevralın 26-da itkin düşən 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğlu olması müəyyənləşib.

Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyünü görərək onu meşəlik ərazidə atıb gediblər.

Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib. Məhkəmənin qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.