XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Aprel 2018 - 14:22

Azərbaycan Baş Prokuroluğu qanunsuz qızıl çıxaran xarici şirkətlərə qarşı cinayət işi açdı –SİYAHI  

Azərbaycan Baş Prokurorluğu ölkənin ermənilərin nəzarətində olan ərazilərində qızıl hasilatı ilə məşğul olan şirkətlərə qarşı cinayət işi qaldırıb.

Bu barədə Baş Prokurorluğun martın 31-də yaydığı məlumatda deyilir. "Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində faydalı qazıntıların qanunsuz hasilatının aparılmasına dair "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb", -məlumatda qeyd edilir.

"Aparılmış araşdırmalarla Ermənistandan Respublikasında və digər ölkələrdə hüquqi qeydiyyatdan keçmiş "Vallex Group", "Base Metals", "ACP", "Lerna metalurgiayi İnstitute", "Teghout" və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Azərbaycanın qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Zəngilan rayonu ərazisində yerləşən Vejnəli, Tərtər rayonu ərazisində yerləşən Dəmirli və digər əlvan metal yataqlarından külli miqdar təşkil edən qızıl və digər əlvan metalların hasilatının aparılmaqla qanunsuz gəlir əldə etmələri müəyyən edilmişdir. Araşdırmalar zamanı "Azərkosmos" ASC-nin "Azersky" peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilmişdir”, prokurorluq bildirir.

Həmin faktlar üzrə Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib.

“Bununla yanaşı, ölkənin qızıl və digər əlvan metal ehtiyatlarının talanması faktları üzrə qısa zamanda beynəlxalq audit şirkətlərinin mütəxəssisləri cəlb edilməklə dəymiş ziyanın müəyyən edilərək "AzerGold" QSC ilə birlikdə iqtisadi mübahisələr üzrə müvafiq beynəlxalq məhkəməyə, həmçinin işğal olunmuş ərazilərdə qanunsuz hasilatla məşğul olan şirkətlərin qeydiyyatdan keçdiyi ölkələrin hüquq mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulub", -deyə məlumatda qeyd edilir.

"AzerGold" QSC Azərbaycan prezidentinin fərmanı ilə 11 fevral 2015-ci ildə yaradılıb. Cəmiyyət Azərbaycan ərazisindəki Qaradaq, Çovdar, Göydağ, Dağkəsən qızıl və dəmir filizi sahələrinin, Köhnəmədən hissəsinin və Kürəkçay hövzəsinin tədqiqi, araşdırılması, kəşfiyyatı, işlənməsi və idarə edilməsi ilə məşğul olur.