İranın cənub-şərqində polisin həyata keçirdiyi əməliyyat zamanı 1 ton 169 kiloqram narkotik maddə müsadirə edilib.
Sistan bölgəsinin polis rəisi general Məhəmməd Qənbəri jurnalistlərə bildirib ki, alınan operativ məlumata əsasən Sərbaz şəhəri istiqamətində hərəkət edən iki yük maşını saxlanılıb və baxış keçirilib. Baxış zamanı hər iki maşında ümumilikdə 1 ton 169 kiloqram narkotik maddə aşkar edilərək müsadirə olunub. Hazırda istintaq davam edir. Həbs edilən şəxslərin iş birliyində olduğu adamlar axtarılır.
General bildirib ki, əyalət polisi bütün gücündən istifadə edərək narkotik qaçaqmalçılarının İrandan tranzit kimi istifadə etməsinin qarşısını almağa çalışır. (AZƏRTAC)