XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2018 - 17:19

MTN generalının məhkəməsi təxirə salındı –Vəkillər prosesə gəlmədi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev barəsində çıxarılmış hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin vəkilləri iştirak etməyib.

Bu səbəbdən proses aprelin 12-dək təxirə salınıb.

Qeyd edək ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.

Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub.
Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi general Elçin Quliyev cavabdeh olaraq tanınıb.