XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 May 2018 - 14:13

Restorandakı atışmaya görə həbs edilən şəxs:"Mənə görə heç kimin pis vəziyyətə düşməməsi üçün adımı səhv dedim"

Bu gün Bakı Apellyasiya Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə davam edib.

Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müvəkkilləri barəsində daha yüngül cəza tələb ediblər.

Təqsirləndirilən şəxs Bəhruz Rəfiyevin vəkili Adəm Məmmədov isə müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prosesdə çıxış edən təqsirləndirilən şəxs Fuad Əsgərov bildirib ki, bu işdə onun heç bir təqsiri yoxdur: “Mənə deyirlər hadisədən sonra xəstəxanada niyə adını səhv demisən? Müstəntiq versiya irəli sürür ki, guya mən istintaqdan yayınmaq istəmişəm. Xeyr, mən ağır halda xəstəxanaya çatdırılanda adımı qəsdən səhv dedim. Çünki vəziyyətim pis idi. Heç kim mənə görə pis vəziyyətə düşməsin deyə elə dedim. Gərək insan öləndə kişi kimi ölsün”.

Fuad Əsgərov onu da qeyd edib ki, ittihamda yazılanlar həqiqəti əks etdirmir: “Yazıblar ki, mən kimdənsə pul tələb etmişəm, haqq istəmişəm. Burda oturanların heç birini tanımıram. Görməmişəm. Heç kimdən pul tələb etməmişəm”.

Proses mayın 15-də davam edəcək.

Qeyd edək ki, hadisə 2016-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astaralı Fuad)8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.