XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 İyul 2018 - 17:00

“Oğlumu öldürəndən sonra bir saat evdə əyləniblər” –Villada qətlə yetirilən iranlı tələbənin atası ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində iranlı tələbəni öldürən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Strateq.az bizimyol.info-ya istinadən  xəbər verir ki, Yunus Camallı, Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidova İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu öldürməkdə və digər cinayətlərdə ittiham edilirlər.

Qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən villada baş verib. Öldürülən 1994-cü il təvəllüdlü Saman Mohtati İran vətəndaşı olsa da, Azərbaycanda doğulub. O, Azərbaycan Dövlət Tibb Universitetinin 6-ci kurs tələbəsi idi. Mərhumun atası Nemat Mohtati uzun illərdir Azərbaycanda yaşayır və biznes fəaliyyəti ilə məşğuldur.
Evə basqın edən şəxslər tələbəni yastıqla boğaraq qətlə yetiriblər. Dəstə üzvlərinin mənzilə daxil olmasını evdəki müşahidə kameraları lentə alıb.
Rəsmi məlumata görə, İran vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Məlum olub ki, dəstə üzvləri quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, 2017-ci ilin 11 oktyabrında, gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər. Onların hər biri həbsdədir. Təqsirləndirilənlərdən yalnız Rəşidə Seyidova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır. Rəşidə Seyidova iranlı tələbənin ölümündə yox, başqa bir cinayət hadisəsində dəstə üzvlərinə kömək etməkdə təqsirləndirilir.

“Evdəki nəzarət kameralarına baxanda dəhşətə gəlirəm, bunlar insan deyil”

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə mərhumun atası Nemat Mohtati çıxış edərək, oğlunu amansızlıqla qətlə yetirdiyinə görə təqsirləndirilən şəxsləri heç vaxt bağışlamayacağını deyib:
“Möhtərəm hakim, yəqin ki, hamı “Fəryad” filminə baxıb. Orada dəhşətli bir səhnə var. Ermənilər azərbaycanlıları öldürdükdən sonra kef məclisi təşkil edirlər. Yeyib, içib, əylənirlər. Bunlar da elə edib. Oğlumu öldürəndən sonra düz bir saat evdə eyni hərəkətləri ediblər. Biri oğlumun otağından enerji içkisi götürüb içib, biri qızımın otağından şokolad götürüb yeyib. Bunlar azərbaycanlı deyil, ermənidilər. Heç nə olmamış kimi elə rahatlıqla hərəkət ediblər, gəziblər ki… Evdəki nəzarət kameralarına baxanda dəhşətə gəlirəm. Bunlar insan deyil.
Mənim oğlum universitetdə 6-cı kursda oxuyurdu. Tibbdə oxuyurdu, ailim olacaqdı. Bunlar bir alimi öldürdülər. Oğlum universitetdən evə, evdən də universitetə gedənbaşqa bir yerə getməyən, bar görməyən uşaq idi. Ancaq dərs oxumağa vaxt ayırırdı. Hələ mən özüm israr edirdim ki, hərdən istirahət eləsin”.

“Oğlum dərdi olan azərbaycanlılara kömək edəcəkdi”

Nemat Mohtati təqsirləndirilən şəxslərə qarşı qəzəbini gizlədə bilməyib və emosional şəkildə çıxışına davam edib: “Mənim oğlum dərdi olan azərbaycanlılara kömək edəcəkdi, sağlamlıqlarına qovuşduracaqdı. Heç vaxt pulda gözü olmayıb. Anası deyirdi ki, diplomat ol, atan kimi ol. Ancaq oğlum həkim olacağını, insanlara kömək edəcəyini deyirdi. Bəs, siz nə üçün yaşayırsınız? Kimin üçün yaşayırsınız? Nə üçün lazımsınız? Gedin, özünüzü asın, öldürün. Mən sizdən əl çəkən deyiləm. Kaş ki, həmin gecə mənim də otağıma gələrdiniz. Bacarırdınızsa, məni də öldürərdiniz. Mən sizin ikinizi bizim həyətə gətirəndə gördüm. Orada sizi cəzalandıra bilərdim. Amma dedim ki, qoy qanun sizin cəzanızı versin”.
Prosesdə iş üzrə şahidlər ifadə verib. Növbəti proses iyulun 31-ə təyin edilib.

Silsilə cinayətlər

Dəstə üzvlərinə həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğundakı evdə usta işləyən Y.Camallı təklif edib. Onlar cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək, onların hər birini yaşadıqları ünvanlara aparıb.

Saxlanılan şəxslər barəsində Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların Kürdəmir rayon, Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşının əl-ayağını yapışqanlı lentlə bağlayaraq, mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.
Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində Pərvin Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqəsdlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək, qohumunun evinin yerini onlara göstərib.

“Ərimin qulağını kəsəcəkləri ilə hədələdilər”

Ötən prosesdə Kürdəmir epizodu üzrə zərərçəkmiş qismində Rəna Zərbəliyeva da ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslər onların Kürdəmir rayonunda olan evlərinə basqın ediblər:

“Evdə həyat yoldaşımla idim, ərim Zahid qonaq otağında televizora baxırdı. Təzəcə yatmışdım. Bu şəxslər mənim əl-qolumu bağladı. İçəridə 4 nəfər var idi. Onlara yalvardım ki, bizi buraxın. Yunus Camallı dedi ki, pul və qızılları verin, sizi öldürməyək. Mən pulumuzun olmadığını söylədim. Ərimin qulağını kəsəcəkləri ilə hədələdilər. Natiq əli arxasında otaqda gəzirdi. Üzlərində maska olsa da, kimlikləri bilinirdi. Evi alt-üst etdilər, pul və 33 min manat dəyərində qızıl-zinət əşyaları apardılar”.
Zərərçəkmiş qeyd edib ki, evə basqın edən şəxslərə qardaşı qızı, digər təqsirləndirilən Rəşidə Seyidova kömək edib:

“Evə təzə köçmüşdük. Oğlumu evləndirəcəkdim. Qardaşım qızı Rəşidə isə hadisədən əvvəl anam xəstə olanda bizə gəlmişdi. Həmin şəxslərə yolu Rəşidə göstərib. Çünkü qabaq qapıdan içəri girə bilməzdilər. Rəşidə onlara deyib ki, arxa qapıdan girin. Ən böyük günahkar qardaşım qızıdır. O, daha əvvəl evli olub, iki uşağı var. Rəşidə el adəti ilə Səbuhiyə ərə gedib”.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 1979-cu il təvəllüdlü Y.Camallı, 1967-ci il təvəllüdlü N.Babaverdiyev, Şəki şəhər sakini 1991-ci il təvəllüdlü P.Əlməmmədov, Ağsu rayon sakini 1983-cü il təvəllüdül Z.Dünyamalıyev və İmişli rayon sakini 1989-cu il təvəllüdlü C.Talıblı barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilənlərdən yalnız R.Seyidova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır.