Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində müxtəlif vaxtlarda cinayət törədən 10 nəfərdən ibarət cinayətkar qrupun üzvlərini saxlayıb.
Məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, həmin qrup tərəfindən 2015-ci ildən hazırkı dövrədək rayon ərazisində 17 oğurluq və 1 quldurluq hadisəsi törədilib.
Həmin qrupun 3 üzvü – Şıxzada Şıxıyev, Nadim Ağaxanov və əvvəllər məhkum olunmuş Bəhruz Nurullayev 2015-ci ilin mart ayında maskalanaraq Qusar şəhər sakini Quliyev Bəhruz İskəndər oğluna məxsus evə qanunsuz daxil olublar. Onlar bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gələrək Bəhruz Quliyevi əlindən yaralayıblar. Cinayətkar dəstə evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar.
Cinayətkar qrupun üzvləri tərəfindən ayrı-ayrı vaxtlarda törədilən oğurluq və quldurluq hadisələri nəticəsində vətəndaşlara, ümumilikdə, 100 min manata yaxın maddi ziyan vurulub.
Dəstənin 7 üzvü barəsində barəsində həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir/Azərtac.