XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 14:23

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərə hökm oxundu –Məhkəmə prosesi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilənlər şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin dekabr ayında baş verib. Bakının Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

M.Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Mailli və Kürdəmir rayon sakini N.Mustafayev tutulublar.

Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.