XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 15:35

Bakıda həbs olunan hindistanlı məhkəmədə göz yaşları tökdü:"Mən heç kimdən pul almamışam, günahım yoxdur»

Yüzdən çox hindistanlını, pakistanlını Bakıda işlə təmin etmək, təhsil adıyla gətirdib onların pulunu mənimsəməkdə suçlanan dörd nəfərə 36 il həbs cəzası verildi. Cəzalandırılan dörd nəfərdən üçü – Məhəmməd Sakir, Alimuddin Şeyx və Alla Rakha Hindistan, Sacid Fraz isə Pakistan vətəndaşıdır.

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə əsasən, M.Sakir 10 il, A.Şeyx və A.Rakhanın hər biri 9 il, S.Fraz isə 8 il azadlıqdan məhrum edilib.

İddia olunur ki, Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətlər vasitəsilə Azərbaycan müəssisələrində yüksək əməkhaqqı ilə işçi axtarılması, həmçinin, Bakıda ali məktəblərdə təhsil almaq imkanları barədə təbliğat aparılıb. İş axtaran, təhsil almaq istəyən əcnəbilərin konsaltinq şirkətlərinə ödədikləri 1200-4600 dollar arası vəsaitlər mənimsənilib. Bəziləri isə pulu özləri ilə Bakıya gətirib, burada nağd şəkildə veriblər. Onlardan alınmış ümumi məbləğin 250 min manata yaxın olduğu bildirilir.

Onlar Bakıya turist vizasıyla gətirilib. Bakı aeroportunda qarşılanandan sonra Maştağa, Ramanı və Balaxanı qəsəbələrində yerləşən fərdi yaşayış evlərinə aparılıblar. Bir müddət sonra gətirilən adamların vizasının müddəti bitib və Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılıblar. Onda məlum olub ki, saxlanılan əcnəbilər əslində, Bakıya iş və təhsil adıyla gəliblər.

Saxlanılan Hindistan və Pakistan vətəndaşlarının əksəriyyəti deportasiya olunub. Məhkəmədə məlum olub ki, zərərçəkmişlərin heç biri şikayətçi deyil.

Təqsirləndirilən şəxslər də ittihamı qəbul etmirlər. M.Sakir deyir ki, onu dələduzluğun təşkilatçısı kimi təqdim ediblər, halbuki, tərcüməçi olub.

«Zərərçəkmişlərin çoxunu tanımıram, onlar da məni tanımır. Mən heç kimdən pul almamışam. Mənim günahım yoxdur», – M.Sakir məhkəmədə son sözündə ağlayaraq bildirib.

Təqsirləndirilən əcnəbilər son sözlərində öz ölkələrinə təhvil verilmələrini xahiş ediblər.

Onlar CM-nin 178-ci (dələduzluq) və 318-ci (qanunsuz miqrasiya təşkili) maddələri ilə ittiham olunur.