XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 17:39

Gənc qızın ölümü ilə bağlı məhkəmə yekunlaşdı –Klinika heyətindən həbsxanaya göndərilən olmadı

Burun əməliyyatları üzrə ixtisaslaşmış estetik cərrah Sənan Mehdiyevə 9 ay azadlıqdan məhrumetmə cəzası verilib. Oktyabrın 8-də Yasamal Rayon Məhkəməsində ona hökm oxunub. Həkim 2015-ci ildə Maliyyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi olan 18 yaşlı Leyla Mürsəlovanın ölümündə təqsirli bilinib. L.Mürsəlova 2015-ci ildə «Starmed» Klinikasında burun əməliyyatı zamanı dünyasını dəyişib.

İddia olunur ki, gənc qız artıq dozada narkoz qəbulundan dünyasını dəyişib.

Məhkəmənin hakimi Azər Tağıyev cərrah S.Mehdiyevlə yanaşı, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanovu da təqsirli bilib. Səhlənkarlıqda suçlu sayılan E.Quluzadəyə iki il azadlıqdan məhrumetmə cəzası verilib. Azərbaycan qanunvericiliyinə görə, səhlənkarlıq (CM-nin 314-cü maddəsi) ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aiddir. Bu cür cinayətlərdə cəza beş ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. E.Quluzadənin də cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi məsələsi hökmdə qeyd olunub.

Klinikanın direktoru C.Sultanova münasibətdə isə CM-in 70-ci maddəsi tətbiq olunub və ona şərti cəza verilib.

Həkim S.Mehdiyevə verilmiş 9 ay azadlıqdan məhrumetməyə gəlincə, onun istintaq və məhkəmə dövründə ev dustaqlığında saxlandığı müddət nəzərə alınaraq, cəza çəkilmiş hesab olunub.

L.Mürsəlovanın ölümündən sonra Yasamal Rayon Prokurorluğunda CM-in 124.1 (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cərrah, anestezioloq və klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib, onlara həm də səhlənkarlıq ittihamı verilib. Onlar istintaq və məhkəmə dövründə həbsdə olmayıb.

Təqsirləndirilən şəxslər özlərini L.Mürsəlovanın ölümündə günahkar saymır və ittihamı qəbul etmirlər.

Zərərçəkmiş Namiq Mürsəlov isə qızının ölümündə özəlliklə həkimi və anestezioloqu günahlandırır. Onun fikrincə, qızı S.Mehdiyev və E.Quluzadənin məsuliyyətsizliyi üzündən vəfat edib. Ata L.Mustafayevanın ölümüylə bağlı verilən ekspert rəyini də düzgün saymır: «Yazıblar ki, Leylada bədxassəli hipertermiya olub. Bu diaqnozu necə qoyublar? Xəstəliyi vardısa, niyə əməliyyatdan öncə müayinə edib aşkara çıxarmayıblar?»