XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 13:21

Ləğv edilmiş MTN-in generalının vəsatətləri təmin edilməyib- Məhkəmə

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə əvvəlcə ötən məhkəmə iclasında vəkil Adil İsmayılovun hakimlər kollegiyasına etirazıyla bağlı qərar elan olunub. Vəsatət təmin edilməyib.

Daha sonra vəkil İqbal Həsənov da vəsatət qaldırıb. O, Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilib, təqsirləndirilənlərin şəxsi işlərinin alınmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra məhkumlar apellyasiya şikayəti veriblər.