XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 14:20

Ədliyyə naziri Fikrət Məmmədov məqalə yazdı:“Həbs olunmuş şəxslərin sayı 25 faiz azalıb”

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamı bu sahədə ədliyyə və məhkəmə sistemi üçün “yol xəritəsi” olub”.

Bu barədə ədliyyə naziri Fikrət Məmmədov bu gün “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycan ədliyyəsi bir əsrlik inkişaf yolunda” sərlövhəli məqaləsində yazır.

Nazir bildirir ki, həmin sərəncama uyğun olaraq Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılıb, yeni qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib. Nazirin sözlərinə görə, 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub. F.Məmmədov bildirir ki, sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz azalıb, məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı da azalıb.

Nazirin yazdığına görə, eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37 faiz azalıb. F.Məmmədov bildirir ki, sərəncama uyğun olaraq, həmçinin alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə Nazirlikdə yeni Probasiya xidməti yaradılıb, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü – azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilib.

Nazirin yazdığına görə, son 15 ildə Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb. Nazir vurğulayır ki, ədliyyə sistemindəki islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilib, məhbusların hüquq və imtiyazları genişləndirilib, infrastruktur yaxşılaşdırılıb, o cümlədən Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilib.

Xatırladaq ki, bu il Azərbaycanda Ədliyyə orqanlarının yaradılmasının 100 illiyi tamam olur, 22 noyabr Ədliyyə işçiləri günüdür. (Turan)