XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 15:21

“Sumqayıt camaatı”nın məhkəməsində ilginc açıqlamalar – MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı olan qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 6 nəfər – Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Strateq.az virtualaz.org-a istinadən məlumatına görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

Prosesdə təqsirləndirilən Sənan Baxışova sərbəst ifadə vermək təklif olundu. O, ifadə verməkdən imtina etdi və yalnız şəriət qanunları üzrə mühakimə olunmaq istədiyini dedi: “Yüz dəfə aparıb-gətirsələr də eyni şey olacaq. Biz bu qanunlarla mühakimə olunmaq istəmirik. Allahın hökmlərindən başqa bütün hökmləri inkar edirik”.

Hakim təqsirləndirilən şəxsə Allahın hökmünü, iradəsini qəbul etməyən insan olmadığını bildirdi: “Bizi maraqlandıran odur ki, sizi niyə tutublar”.

Təqsirləndirilən şəxs isə məhkəməni inkar etdiyini, danışmaq istəmədiyini dedi. Bundan sonra təqsirləndirilən S.Baxışovun istintaqa verdiyi ifadəsi elan olundu.

İbtidai istintaq zamanı S.Baxışov ifadəsində ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bildiyini, ibadətlə məşğul olduğunu, əslən türk olan Abu Hanzalanın dərslərinin videoyazılarını internet vasitəsilə dinlədikdən sonra Suriya prezidenti Bəşər Əsədin müsəlmanlara qarşı törətdiyi soyqırımı anladığını, buna görə də cihada getmək qərarına gəldiyini göstərib: “Bu barədə Ağsu rayonundan olan Zamiq Vəliyevə danışdım. Mənimlə eyni əqidədə olan Zamiq Həsən adlı şəxsin nömrəsini mənə verdi. 26 mart, 2013-cü ildə Türkiyəyə getdim, Həsəni tapdım. Həsən məni gizli yollarla Suriya ərazisinə keçirdi.

Orada dini adı “Abu Hafs” olan Aqil Hacıyevin rəhbərlik etdiyi “Sumqayıt camaatı”na qoşuldum, Abu Hafsaya biət etdim. “Sumqayıt Abu Hafs camaatı” “ən-Nüsra Cəbhəsi” hərbi qruplaşmasının tərkibində idi. Orada olan müddətdə əslən ərəb olan Abu Yusif mənə və “Sumqayıt camaatı”na hərbi təlimlər keçir, odlu silahdan istifadə etmək qaydalarını, döyüş taktikasını öyrədirdi.

Təxminən 15 gündən sonra Azərbaycandan olan, dini adları Mustafa və Abu Usama olan şəxslərlə “Sumqayıt Abu Hafsın camaatı”ndan ayrılaq Sarma vilayətində olan “Ənsar camaatı”na qoşulduq. Eldost Quliyevlə orada tanış olmuşam. Birlikdə hərbi və fiziki təlim keçmişik.

11 ay orada qaldıqdan sonra “Azad Suriya Ordusu” tərəfindən əsir götürüldük. Orada Muaz ləqəbli Maarif Mərdanovu da gördüm. Əsirlikdən azad olunandan sonra Azərbaycana qayıtdım. “Cəbhətül-Nüsra” və “Abu Ənsar”ın terror təşkilatı kimi tanınmasından məlumatım olmayıb, heç bir terrorçuluq əməli törətməmişəm, belə bir məqsədim də olmayıb”.

Bundan sonra təqsirləndirilən Ruslan Cəfərova ifadə vermək təklif olundu. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdi və Allahın buyurduğu qanunlardan başqa heç bir dünyəvi qanunu qəbul etmədiyini bildirdi.

Hakim üzünü təqsirləndirilən şəxslərə tutaraq dedi: “Mənə çox maraqlıdır, aranızda dini fəlsəfəni dərindən bilən, Quran mahiyyətini dərk edən varmı, onunla rahat danışaq”.

R.Cəfərov hakimə cavabında indiki insanların Allahın yer üzünə göndərdiyi Müqəddəs Kitaba münasibətlərinin pis olduğunu dedi: “Allah Məhəmməd peyğəmbər vasitəsilə Quranı yolladı ki, oxuyun. Amma indi oxumaq əvəzinə aparıb şkafa qoyurlar. Quran şkaf üçün göndərilməyib, oxumaq üçün göndərilib, oxuyub, Allahın buyurduğu kimi ömür sürməyə göndərilib. Danışmaq istəmirəm, amma ürəyim partlayır. özümə söz vermişəm ki, cinayət dediyiniz şeylə bağlı bir kəlmə belə danışmayacağam”.

Hakim deyilən sözlərə qısa arayış verdi: “Sizin ağlınızı şikəst ediblər. Sizin nə işiniz var idi Suriyada?”.

Sonra R.Cəfərovun istintaqa verdiyi ifadəsi elan olundu.

İbtidai istintaq zamanı ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib, 2012-ci ildən ibadətlə məşğul olduğunu, dini adının “Abdul Rəşid” olduğunu göstərib: “Suriyada vətəndaş müharibəsi olduğunu internet vasitəsilə izləyirdim. Cihada qoşulmaq üçün 25 sentyabr, 2012-ci ildə tanışım Elşad İslamovla birlikdə İstanbula, oradan isə Suriyanın Artma şəhərinə getdik. Bəşər Əsədə qarşı döyüşən ömər Şişaninin (söhbət İŞİD-in ən güclü hərbi rəhbərlərindən biri, əslən Gürcüstanın Pankisi dərəsindən olan və “ömər Şişani” kimi tanınan Timur Batiraşvilidən gedir-red.) camaatına qoşulduq.

Mənə avtomat silah verdilər. Suriyanın Qah şəhərində hərbi təlimlər keçirdik. Şeyx Süleyman şəhəri və digər bölgələr uğrunda döyüşlərdə iştirak etmişəm. üç ay orada qaldıqdan sonra əslində Suriyada dini müharibə getmədiyini, fitnə baş verdiyini anladım. Silahımı təhvil verib dəstədən ayrıldım. Suriyanın Türkiyə ilə həmsərhəd ərazilərindəki boş evlərdə tək yaşamağa və türklərin maliyyə dəstəyi ilə dolanmağa başladım.

2 aprel, 2014-cü ildə “Azad Suriya Ordusu”nun üzvləri onlarla birlikdə Bəşər Əsədə qarşı döyüşməyi təklif etdilər. Razılaşmadım və Türkiyəyə keçib Azərbaycana qayıtdım.

Mənim terrorçuluq etmək kimi bir niyyətim olmayıb. Yalnız cihad etmək üçün oraya getmişdim. Aqil Hcıyevin rəhbərlik etdiyi “Sumqayıt Abu Hafs camaatı”, “Ənsar camaatı”, “çeçen Seyfullahın camaatı” da “Ən-Nüsra Cəbhəsi”nin vahid komandanlığı altında fəaliyyət göstərirdi”.

Digər təqsirləndirilən Məmmədşah Məmmədəliyevə ifadə vermək təklif olundu. O, ifadəsində Suriyaya getdiyini və 3 övladının olduğunu dedi: “Allah Quranı bizə nazil edib ki, onunla aramızda hökm buyursun. Amma siz bizi Allahın göndərdiyi kitabla deyil, Roma papasının verdiyi konstitusiya ilə mühakimə edirsiniz. Burda nə danışaq, nə deyək?

üç övladım var. Allahın əmri ilə Suriyaya getdim. Məqsədim müharibədən əziyyət çəkən müsəlman qardaşlarıma kömək etmək olub. “Cəbhətül Nüsra” adlı dini qrupda olmuşam. Orada yerli camaat da çox idi, azərbaycanlılar da. Döyüşdə yaralanan qardaşlara kömək etmişəm. Heç bir silahlı təlimdə iştirak etməmişəm. çünki buna ehtiyacım olmayıb. Hərbi xidməti cəbhə bölgəsində keçmişəm. Silahdan istifadə etməyi bacarıram. Silahım olub, yerli camaatdan almışdım. Əməlimdən peşman deyiləm”.

Hakim M.Məmmədəliyevin ifadəsindən sonra qısa arayış verdi: “Sən burda olmasaydın, mən də bu zalda hakim olmasaydım, sənə dindən elə danışardım ki, özün məəttəl qalardın. Dörd-beş dini kitab oxuyub özünü savadlı bilirsən”.

M.Məmmədəliyev isə cihadın şərtləri olduğunu, şəriətə uyğun olaraq Suriyanı seçdiyini dedi.

Təqsirləndirilən şəxslərdən Əhməd Həsənov və Maarif Mərdanov da ifadə verməkdən imtina etdilər.

Ə.Həsənovun ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. O, ifadəsində özünü qismən təqsirli bilib, Suriyada baş verən qarışılıqlarla əlaqədar ora getmək fikrinə düşüb, məqsədinin dini qaydalara uyğun yaşamaq və cihada qoşulmaq olduğunu göstərib: “2013-cü ilin avqust ayında Eldost Quliyev və Aqil Hümmətovla Türkiyəyə getdik. Həsən adlı şəxsin vasitəsilə Suriyaya keçdik. Eldost və Aqil “Sumqayıt camaatı”na qoşuldular. Mən isə “Ahraru Şam camaat”ına qatıldım.

“Ahraru Şam camaatı”nın əmiri milliyyətcə ərəb olan Abu Yəhya idi. Bizə hərbi təlimlər keçirilirdi, döyüş taktikası öyrədilirdi. Mən terrorçuluqla məşğul olmamışam və “Ahraru Şam camaatı”nın terror təşkilatı kimi tanınmasından məlumatım olmayıb.

2014-cü ilin mart ayında “Azad Suriya Ordusu” tərəfindən əsir götürülmüşəm. Onlarla birlikdə döyüşmək istəmədim. Suriyadakı cihadın cihad olmadığını anlayaraq geri qayıtdım”.

Ə.Həsənov qısa çıxışında verilən ittihamların əsassız olduğunu bildirdi: “Cihad – küfrlə mübarizə aparıb haqqa yiyələnmək deməkdir. Burada danışmağın heç bir əhəmiyyəti yoxdur. özləri düzüb qoşublar. İbtidai istintaqa verdiyim ifadəni elan edirsiniz, amma orada bir dənə düzgün məqam yoxdur. özlərinə nə sərf edirsə, onu da yazıblar. Hökm Allahındır. Başqa sözə ehtiyac yoxdur”.

Təqsirləndirilən Maarif Mərdanov ibtidai istintaqa verdiyi ifadəsində cihada qoşulmaq üçün Suriyaya getdiyini, Suriya ərazisinə Həsən adlı şəxsin vasitəsilə qaçaq yolla keçdiyini göstərib: “Aqil Hacıyevin rəhbərlik etdiyi “Sumqayıt camaatı”na qoşuldum. Orada dini təhsil alırdım, hərbi təlimlər keçirdilər. Suriyada olduğum müddətdə heç bir döyüşdə iştirak etməmişəm. 2014-cü ilin aprel ayında Azərbaycana qayıtmışam”.

Məhkəmə prosesi mayın 5-i davam edəcək.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər BMT tərəfindən terror təşkilatı kimi tanınan “ən-Nüsra Cəbhəsi” adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.