XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2018 - 16:12

Azərbaycan Qırğızıstanın keçmiş məmurunu ekstradisiya edib –FOTO

Qırğızıstan gömrüyünün keçmiş rəhbəri Azərbaycandan Bişkekə ekstradisiya olunub. O, vəzifəsindən sui-istifadədə ittiham olunur.

Qırğızıstan Maliyyə Polisinin sözçüsü Anastasiya Piskur Azadlıq Radiosunun qırğız xidmətinə deyib ki, Gömrük Xidmətinin keçmiş rəhbəri Adamkul Junusov dekabrın 28-də Bakıdan Bişkekə aparılıb. Junusov Bişkekin xahişilə dekabrın 5-də Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanıb.

Bişkek Maliyyə Polisi Junusovu 2013-2016-cı illərdə Gömrük Xidmətinin rəhbəri vəzifəsində ikən “korrupsiya” fəaliyyətində ittiham edir. Onun həmin dövrdə dövlət xəzinəsinə 166 milyon som, yəni 2,1 milyon dollar ziyan vurduğu bildirilir. Junusov avqustda Qırğızıstanda axtarışda olanların siyahısına salınıb, daha öncə isə ona qiyabi olaraq ittihamlar irəli sürülüb. Junusov 2011-2017-ci illərdə Prezident Almazbek Atambaev-in hakimiyyəti dövründə korrupsiya ittihamıyla üzləşmiş keçmiş məmurlardan biridir.

Atambaev xələfi Sooronbay Jeenbekovu “psevdo-antikorrupsiya” kampaniyası çərçivəsində onun yaxın müttəfiqlərini işdən çıxarmaqda, həbsə atmaqda suçlayır. Atambaev dövründə baş nazir olmuş Sapar Isakov və daha bir müttəfiqi Jantoro Satybaldiev korrupsiya ittihamıyla iyunda saxlanıblar.  Oktyabrda isə Atambayevin keçmiş müşaviri Ikramjan Ilmiyanov Rusiyada saxlanaraq Bişkekə təhvil verilib və ona korrupsiya ittihamları irəli sürülüb. Qırğızıstan deputatları və siyasətçilər Atambaev vəzifədə olarkən verdiyi qərarlarla bağlı araşdırma aparılmasına çağırırlar.

Dekabrın 13-də Qırğızıstan parlamenti eks-prezidentlərin toxunulmazlığını ləğv edən qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu, Atambayevin mühakimə olunmasına yol aça bilər. Atambayevin sədr, Jeenbekovun isə üzv olduğu hakim Sosial Demokratik Partiyanın (SDPK) bəzi üzvləri son həftələr “Atambaev-siz SDPK” adlı kampaniya başladıblar.