XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 18:45

“Baba” internetdə necə narkotik satırmış? –Bakıda “virtual tacirlər”in məhkəməsi başlanıb

Bakı Ağır Cinayətlər Məhkəməsində onlayn narktoik alverində ittiham olunan şəxslərin məhkəməsi başlanıb.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, mühakimə olunan müttəhimlər kürsüsündə Rafiq Yusifzadə, Məhəmməd Əlizadə, Tural Əlizadə və Samir Zeynalov oturub.

Yanvarın 4-də məhkəmədə prokuror ittiham aktını elan edəndə dörd nəfər özlərini qismən təqsirli bilib. Deyiblər ki, onlar narkotik istifadəçisi olsalar da, onun satışı ilə məşğul olmayıblar: “Narkotik istədim, dedi, pulu hesaba köçürüm. “Nərimanov”da “Nənəmin təndiri”nin yanındakı “Milliön” aparatında pulunu deyilən hesaba ödədim. Mənə ünvan verdi, gedib ora yaxın binadakı blokdan qaz sayğacının içindən götürdüm. Gəlib maşında narkotikdən istifadə eləyəndə polislər məni tutdular”-deyə Rafiq Yusifzadə məhkəmədə deyib.

“Narkotik istifadəçisi olmuşam. Amma nə satışı ilə məşğul olmuşam, nə də hansısa şəbəkə ilə əlaqəm olub. “Avrora” şirkətində malpaylayan işləmişəm. Məhəmmədlə dost olduğuma görə onunla tez-tez görüşmüşəm. Birlikdə də narkotik qəbul etmişik”, – deyə digər ittiham olunan Tural Əlizadə ifadəsində deyib. İlkin ifadəyə də təzyiq altında imza atdığını deyən Tural Əlizadə bu səbəbdən həmin ifadəni təsdiqləməyib. O deyib ki, narkotiki də “Baba” ləqəbli şəxsdən, pulunu onlayn qaydada köçürməklə alırdılar:  “Həmin “Baba”nı şəhərdə hamı tanıyır. Özü Türkiyədə yaşayır. Onunla danışırdıq, bizə hesab nömrəsi deyirdi. “Milliön” ödəmə aparatı vasitəsilə pulu onun dediyi hesaba köçürürdük. Aparatdan çıxan qəbzin şəklini çəkib ona göndərirdim. Yarım saat ərzində bizə yer deyirdi, gedib oradan narkotiki götürürdük”.

Digər təqsirləndirilən Rafiq Yusifzadə də narkotikin satışı ilə məşğul olmadığını, ondan istifadə etdiyini söyləyib. “Baba” ilə eyni məktəbdə təhsil aldığını deyən Rafiq Yusifzadə bildirib ki, özü taksi sürücüsüdür. O da “Milliön” vasitəsilə pul ödəyib, narkotiki deyilən yerdən gedib götürürdü.

“Mən “Baba”nı 2-3 ildir tanıyıram, qonşumun əsgərlik yoldaşı olub. “Baba” satışı ancaq hesabla həll edirdi. Mən də dəfələrlə onun hesabına pul yükləyib narkotik almışam”, – deyən Samir Zeynalov “Baba” ilə Türkiyədə görüşdüyünü də əlavə edib.

Onlayn narkotik satışı ilə bağlı məhkəmə yanvarın 11-də davam edəcək.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər Masazır qəsəbəsində saxlanılıblar. Onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, 2 büküm psixotrop maddə “Metamfetamin” və 4 ədəd 300 milliqramlıq güclü təsiredici “Lyrica” kapsulları aşkar olunub.

Araşdırma zamanı məlum olub ki, narkotik və psixotrop maddələrin satışını xaricdə yaşayan və “Baba” kimi tanınan şəxs təşkil edir. O, narkotik maddələri satmaq üçün şəbəkə yaradıb. Müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək, əsasən gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələri almağı təklif edib.