XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2019 - 15:08

Aeroportu partlatmaq istəyən şəxsə qarşı ittiham irəli sürülüb –Avstraliyada

Avstraliyanın Brisben beynəlxalq aeroportunu partladacağı ilə təhdid edən və nitəcədə insanların təxliyəsinə səbəb olan şəxsə qarşı soyuq silahla hücum, polisə müqavimət göstərmə və partlayış barədə yalan məlumat yayma ittihamları irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kvinslend ştatının polisi fevralın 3-də məlumat yayıb.

Polisin məlumatına görə, 50 yaşlı şəxs bu fövqəladə addımı kiməsə real zərər vurmaq məqsədilə yox, “risk, təhlükə və qorxu” yaratmaq məqsədilə atıb. “Hazırda həmin şəxs nəzarət altındadır və ona qarşı ittiham irəli sürülüb. Onun təhdid etdiyi partladıcı qurğu mulyajdan başqa bir şey deyil və heç bir təhlükə yaratmır”, – deyə Kvinslend polisinin komissarı Yan Stüart bildirib.

Fevralın 4-də onun Brisben şəhərində məhkəmə prosesi başlayacaq. Bu qanun pozuntusuna görə həmin şəxsi 10 il həbs cəzası gözləyir. Qeyd edək ki, Brisben beynəlxalq aeroportunda hadisə fevralın 2-də axşam saat 21:00 radələrində baş verib. Buradakı restoranlardan birində qadınla mübahisə edən şəxs cibindən bıçaq və partladıcı qurğuya oxşayan metal əşya çıxarıb. Bıçaqla həmin qadını və digər sərnişinləri hədələyən şəxs qurğunu işə salacağı ilə hədələyib. Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub, ərazi mühasirəyə alınıb və sərnişinlər təxliyə edilib.

Qanunu pozan şəxsin zərərsizləşdirilməsinə və binanın yoxlanılmasına 4,5 saat vaxt sərf olunub. Beynəlxalq terminal 40 dəqiqədən sonra fəaliyyətini bərpa edib.