XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 17:46

Vergilər Nazirliyinin rüşvətə görə həbs edilən əməkdaşı:"Müdirlə görüşümüz olmayıb"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri – Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzə həmin şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra təqsirləndirilən E.Qaybalıyev sərbəst ifadə verib. O bildirib ki, müvafiq qaydada Nərimanov rayonunda yerləşən obyektdə yoxlama aparıblar: “Həmin vaxt aksiz markası olmayan siqaret satışı həyata keçirirdilər, biz də yoxlama zamanı bunu aşkarladıq. Siyahı hazırladıq, protokol tərtib etdik, sonra izahat aldıq. Həmin vaxt iki nəfəri müşahidəçi kimi dəvət elədik. Hər şey onların gözünün qarşısında olub. Ümümi olaraq 284 manatlıq mal aşkarlanmışdı. Daha sonra oranın müdiri ilə görüşümüz olmayıb”.

Təqsirləndirilən şəxs heç kimdən rüşvət almadığını və ittihamları qəbul etmədiyini söyləyib.

2007-ci ildən Vergilər Nazirliyində çalışdığını qeyd edən digər təqsirləndirilən Z.Lətifov deyib ki, Nərimanov rayonu ərazisində “24 saat market”də qanunsuz satılan və aksiz markası olmayan siqaretlər aşkar ediblər. Onun sözlərinə görə, həmin malları qeydiyyata alıblar, protokol tərtib olunub.

Z.Lətifov da heç kimdən rüşvət almadığını, heç kimlə də sövdələşmədiyini vurğulayıb.

Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.

Qeyd edək ki, Vergilər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata əsasən, ilkin araşdırma nəticəsində Nazirlik yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri – Qaybalıyev Elçin Musa oğlu və Lətifov Ziyad Arif oğlunun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verildiyi aşkar edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər. Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdirib, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmilş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.