XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 12:24

Azərbaycanda elektron qolbaqdan yaxa qurtarmaq istəyən 21 nəfər real həbsə göndərilib

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Azərbaycanda 1022 şəxsə elektron qolbaq tətbiq olunub. Məhkum elektron qolbaq daşıma qaydalarını pozarsa, bu halda onun cəzası ağırlaşdırılır: “1 ildən az müddətdə azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 1.022 şəxsə elektron qolbaq tətbiq olunub.

Onlardan cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla 71 nəfərdən elektron qolbaq çıxarılmış, cəzanın icrası zamanı mütəmadi pozuntulara yol verən və qərəzli şəkildə boyun qaçıran 21 nəfərin cəzası isə məhkəmələr tərəfindən digər ağır cəza növü – azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Bu günə qədər Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni qanunun təsiri altına düşən 5 min 700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub. 1022 məhkuma elektron qolbaq tətbiq edilməklə həbsə alternativ cəza verilib.

Probasiya xidməti məhkəmə qərarı ilə elektron qolbaq gəzdirməyə məhkum olunmuş şəxslərə nəzarəti həyata keçirir. Xidmətin əsas fəaliyyət istiqamətləri cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını təşkili; cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsidir.

Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində də probasiya nəzarəti xidmətin səlahiyyətindədir.

Elektron qolbaqların tətbiqi haqda “Yeni Müsavat”a danışan Əliməmməd Nuriyev deyib ki, cəza siyasətinin yumşaldılması istiqamətində atılan addımlar tədricən genişlənir. Həmin sərəncamdan sonra Azərbaycanda azadlıqdan məhrumetmə məsələsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb: “Sərəncamdan sonrakı dövrü əhatə edən  statistikaya baxsaq, görərik ki, prosessual məcburetmə tədbirlərinin miqyası 25 faiz artıb. Azərbaycanda məhkumların sayı azalıb. Son stastitik rəqəmlərə baxsaq görərik ki,  2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılanların sayı 24 mindən çox olub.  2018-ci ildə bu rəqəm 21 min 800 nəfərdir. Burada 3 minə yaxın fərq var. Bütün bunlar prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından irəli gəlir. Böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərlə bağlı cinayət işlərinin istintaqı zamanı məsuliyyətə cəlb edilmiş şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi praktikası 3-5 faiz həcmində olub. Əksəriyyət haqda həbslə əlaqədar olmayan digər tədbirlər seçilib. Başqa yerə getmək haqda iltizam alınma, zaminliyə verilmə, ev dustaqlığı, girov müqabilində azad etmə kimi tədbirlər seçilib. Probasiya xidmətinin təşkili, elektron qolbaqların tətbiqi də artıq reallaşdırılıb. Bu gün elektron qolbaqların tətbiqi praktikası genişlənməkdədir.

Həmin sərəncamdan sonra azadlıqdan məhrumetmə ilə bağlı cəzalar 33 faizə qədər enib. Hazırda 44-46 faizə qədər enmə var. Mümkündür ki, belə məlumatlar yetərli ictimaiyyətə çatdırılmır, amma proses aparılır. Həmin sərəncamdan sonra bir çox ictimai təhlükə törətməyən cinayətlər Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib. Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin 5 dəfə, yəni 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron qolbaqların tətbiq olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır. Bu gün  elektron qolbaq daşıyanlar müvafiq cəzalarını çəkirlər və Elektron Monitorinq Mərkəzi tərəfindən fasiləsiz təsirli nəzarət həyata keçirilir. Bütün bunlar ümumilikdə həmin sərəncamdan irəli gələn tədbirlərdir və həmin tədbirlər genişlənməkdədir”.