Yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanası kompleksində fəaliyyət göstərən “Kristal” MMC-yə məxsus konteyner tipli istirahət otağında baş vermiş yanğın nəticəsində həmin müəssisədə usta işləyən Ağcabədi rayon sakini, 1968-ci il təvəllüdlü Abbas Aslanovun yanmış meyiti aşkar edilib.
Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Bakı Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.