Cəlilabad şəhər sakini Şahin Mahmudov Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi xidmətinə müraciət edərək Elçin adlı şəxs tərəfindən ölümlə hədələndiyini, həmin şəxsin oğlunun isə ona xəsarət yetirdiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Azərtac-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad şəhər sakini, əvvəllər məhkum edilən və cinayətkar aləmlə əlaqəsi olan “Məşədi Elçin” kimi tanınan Elçin Muradov, oğlu Nicat Muradlı və qaynı Çingiz Rüstəmov aralarında uzun müddət davam edən ədavətlə bağlı Ş.Mahmudova bıçaq və yumruq zərbələri ilə xəsarət yetiriblər.
Elçin Muradov və oğlu Nicat Muradlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.
E.Muradovun yaşadığı evdə odlu silah saxlaması ilə bağlı məlumat daxil olduğundan həmin evə baxış keçirilib. Axtarış zamanı dolabın içərisindən “Makarov” markalı tapança, bir sandıqça və beş patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.