XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 10:57

Qubada polis əməliyyatı:silsilə oğurluqlar edən Lerik sakinləri saxlanılıb - FOTO

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dörd nəfərdən ibarət oğru dəstə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, araşdırmalarla onların Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Sadət Azadov, 31 yaşlı Təhməz Dadaşov və sonuncunun qohumu 38 yaşlı Əkbər Dadaşov olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Dəstə üzvlərin ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar gecə saatlarında Quba rayonuna gələrək, burada yerləşən üç mağazaya qanunsuz daxil olmaqla, orada pul və tütün məmulatları oğurlayıblar. Oğurluq yolu ilə əldə etdikləri məmulatları Əkbər Dadaşova məxsus minik avtomobili ilə hadisə yerindən aparan dəstə üzvləri, növbəti dəfə başqa bir mağazaya daxil olmaq istəsələr də buna nail ola bilməyiblər.

Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun və tütün məmulatlarının bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş qara maskalar, əlcəklər, kustar üsulla hazırlanmış odlu silah və digər alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.