Bakıda universitetdən içərisi pulla dolu seyfi oğurlayan dəstənin bir üzvü tutulub.
Nərimanov rayon Polis İdarəsindən apa.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin üzvlərindən biri – 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
Xatırladaq ki, məlum hadisə yanvarın 9-da qeydə alınıb. Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyf naməlum şəraitdə oğurlanıb.
Ə.Vəliyev açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, oğurlanan pullar universitetin kollektivinin maaşının verilməsi üçün bankdan götürülən vəsait olub.
"Hadisəni törədənlərin hamısı məlumdır, artıq tutulanlar da var", – deyə rektor bildirib.
Qeyd edək ki, Əhməd Vəliyev bundan əvvəl pulların oğurlanmasını təkzib etmişdi.