XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 14:56

Bakıda həbs olunan Türkiyə vətəndaşı:"Məni Niderlanda təhvil verməyin"

Bakı Ağır Cinayətlər Məhkəməsində türkiyəli Gökhan Öztürkün Niderlanda ekstradisiyası ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Məhkəmə prosesində çıxış edən Gökhan Öztürk Bakıya üç günlük gəzməyə gəldiyini və hava limanında saxlanıldığını bildirib. Məhkəmə zamanı onun beynəlxalq axtarışa verildiyi bildirilib. Niderland Krallığı tərəfindən ekstradisiya üçün Azərbaycana göndərilən məktubda Gökhanın Niderland vətəndaşı olduğu, həmin ölkədə onun haqqında 180 günlük həbs hökmü çıxarıldığı göstərilib.

Gökhan Öztürk isə Türkiyə vətəndaşı olduğunu, Niderlanda göndərilməsini istəmədiyini deyib.

O bildirib ki, 2014-cü ildə onu Niderlanddan deportasiya ediblər: “1996-cı ildə evliliklə əlaqədar ora getmişəm. Həyat yoldaşım oranın vətəndaşı idi. Üç övladımız oldu. Mən orada müddətsiz oturum izni ilə yaşamışam. 2014-cü ildə məni deportasiya elədilər. Sonradan viza üçün müraciət etdim, rədd cavabı verdilər. Xanımım da Türkiyədə yaşamaq istəmədi, ona görə boşandı. Biləndə ki, artıq ora qayıda bilməyəcəm, Türkiyədə özümə yeni bir həyat qurdum, nişanlanmışam, toyum olacaq. Bakıya üç günlük gəlmişdim, bir aydan çoxdur burada qalmışam. Xahiş edirəm, məni təhvil verməyin”.

Məhkəmənin sorğularına əsasən, Niderlandın Azərbaycandakı səfirliyi G.Özütürkün Niderland vətəndaşı olduğu, Türkiyə səfirliyi isə onun Türkiyə vətəndaşı olduğu cavabını verib.

Türkiyə səfirliyinin nümayəndəsi də məhkəmədə bunu təsdiqləyib.

Prosesdə Azərbaycan Baş Prokurorluğunun nümayəndəsi Gökhan Öztürkün ekstradisiyasına etiraz edib. Ədliyyə Nazirliyinin nümayəndəsi isə bu məsələni məhkəmənin öhdəsinə buraxıb.

Məhkəmə ekstradisiya ilə bağlı təqdimatı təmin etməyib.

Gökhan Öztürkə bildirilib ki, qərar qüvvəyə minəndən sonra sərbəst şəkildə Türkiyəyə gedə bilər/Report.