Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
APA-nın məlumatına görə, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun icraatında keçiriləcək. Məhkəmənin hazırlıq iclası 2020-ci il yanvar ayının 7-ə təyin edilib.
Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.