“Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzi ümumiyyətlə qazlaşdırılmayıb”.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib.
Onun sözlərinə görə, Mərkəzin yanından “Azəriqaz”ın qaz xətti keçmir: “Orada ümumiyyətlə “Azəriqaz”ın yeraltı qaz xətti yoxdur. Bu gün ərazidən kənarda bir yeraltı qaz xətti var ki, o da təşkilatlardan birinə gedən xətdir”
C.Səfərov bildirib ki, hazırda “Azəriqaz” əməkdaşları yaxınlıqdan keçən qaz xətlərindən sızma ehtimalını yoxlamaq üçün əraziyə cəlb edilib: “Onlar ərazidə qaz sızmasının olub-olmamasını hüquq-mühafizə orqanları ilə birlikdə araşdırırlar. İstənilən halda, həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur”.
Xatırladaq ki, bu gün saat 10:15 radələrində Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində partlayış baş verib. (Report)