XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

18 Yanvar 2020 - 15:00

Ötən il 2400-dən çox məhkuma elektron qolbaq tətbiq edilib- Rəsmi

Ötən il qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.712 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.808 nəfər inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qərəzli yayınan 493 şəxs barəsində isə cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirədə bildirilib.

Qeyd olunub ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərib, 13 mindən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən məhdudiyyət götürülüb. Belə məhdudlaşdırmanın olub-olmamasını öyrənməklə bağlı nazirlik tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-cu ildə artaraq 1.5 milyonu keçib.

Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində görülmüş işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkə Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir. Məhkəmələr tərəfindən azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, ötən il yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların sayı əvvəlki illə müqayisədə 7,5 faiz artaraq 23 minə çatıb. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin sayı isə 2018-ci illə müqayisədə 4,4 dəfədən çox artıb.

Yerli probasiya qurumlarının qeydiyyatında olan 9.727 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunmuş cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 728 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 120 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək 2019-cu ildə 2400-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

2019-cu ildə məhkəmənin qərarlarına əsasən 1.502 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 886-sı ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İl ərzində bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 183 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib. Cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2.5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.