Polisi öldürən dəstə üzvlərinə ağır cəza kəsildi – Məhkəmə qərar verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində valyutadəyişmə məntəqəsinə basqın etməkdə və polis əməkdaşını öldürməkdə ittiham olunan Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayevun məhkəmə prosesi başa çatıb.
Strateq.az Virtualaz.org-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən 6 nəfərin hər biri 14 il, 1 nəfər 13 il, 1 nəfər 12 il, 1 nəfər isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror 6 nəfərin 15 il, 1 nəfərin 13 il, 1 nəfərin 14 il, bir nəfərin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib və oradan külli miqdarda pul aparılıb. Keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralayıblar.
Hadisədən sonra qaçıb gizləndiyi üçün Qusar şəhər sakini, 1988-ci il təvəllüdlü Ağamuradov Radik Rükməddin oğlu Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələri ilə axtarışda olub. Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov rayonun Küsnət-Qazma kəndi ərazisində tutulublar. Onlardan “Makarov” və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyası aşkar edilərək götürülüb.