XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 15:04

Hacı Məmmədov DTX-nın təcridxanasından köçürülməsini istəyir –Vəkildən açıqlama

haci_memmedov

Adam oğurluğu və digər ağır cinayətlər törətmiş mütəşəkkil dəstənin başçısı kimi təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından köçürülməsi barədə müraciət edib.

Bu barədə H.Məmmədovun vəkili Afət Qazıyeva məlumat verib.

Vəkil bildirib ki, H.Məmmədov təcridxanadan cəzaçəkmə müəssisəsinə köçürülmək istəsə də, hələlik onun bu istəyi yerinə yetirilmir: "Hacı Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında qalmaq istəmir. O, cəzaçəkmə müəssisəsinə köçürülmək istəyir. Bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarları İcrası Baş İdarəsinə müraciət edilib. Amma hələlik onun müraciətinə cavab verilməyib"(Trend).

Qeyd edək ki, ötən il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.