XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 14:33

Bu il Azərbaycanda yol-nəqliyyat hadisələrində 504 nəfər ölüb- Statistika Komitəsi

Dövlət Statistika Komitəsi bu ilin yanvar-sentybar aylarında baş verən yol-nəqliyyat hadisələrininin statistikasını açıqlayıb.

Komitədən APA-ya verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,0 faiz azalaraq 1527 nəfər olub. Onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş verib, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verən, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 24,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,3 faizini, yaralananların isə 75,3 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib, nəticədə 10 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisələrin 82,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2846,5 min olub. Xətaların 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.