Tərtər rayon prokurorluğu və Polis şöbəsi rayondakı döyüşlərlə bağlı birgə məlumat yayıblar.
Baş Prokurorluğun Mətbuat Xidmətindən birgə məlumatla bağlı Strateq.az-a verilən xəbərə görə, aprelin 2-dən başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribat törətməkdə davam edirlər:
"Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Azadqaraqoyunlu və Düyərli kəndləri növbəti dəfə düşmən atəşinə məruz qalmışdır.
Belə ki, aprelin 3-də saat 21:00 radələrində erməni silahlı qüvvələrinin artilleriya silahlarından rayonun Azadqaraqoyunlu kəndinə atılmış mərmilərdən biri 1968-ci təvəllüdlü Rəhimov Mirzə Rəhim oğluna məxsus yaşayış evinə düşmüş, aprelin 4-də saat 14 radələrində isə Düyərli kəndinə atılmış mərmilərdən 3-ü Quliyev Etibar Cəlil oğluna məxsus yaşayış evinə düşməsi nəticəsində ev tamamilə dağılmış, qonşuluqda yaşayan 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı və 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı isə qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır".