XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 Mart 2015 - 09:55

İntiqam Əliyevin məhkəməsində insident: jurnalistlər təhqir olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.

Virtualaz.org saytının prosesi izləyən müxbiri xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən proses martın 17-dək təxirə salınıb. Məhkəmə iclasının təxirə salınmasına səbəb zərərçəkən – Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib işləmiş Gülşən Orucova ilə jurnalistlər arasında yaşanan qalmaqal oldu.

G.Orucovanın jurnalistlərə “üzdəniraq” deyə müraciət etməsi kəskin narazılığa səbəb oldu.

Bundan əlavə, bugünkü prosesdə Gülşən Orucovanın bacısı Əfsanə Orucova sərbəst ifadə verdi. Lakin Əfsanə Orucova hakimlərin suallarını cavablandırmaqda çətinlik çəkdi. Gülşən Orucova bacısına kömək etməyə cəhd etdi. Bu isə İntiqam Əliyevin və onun vəkillərinin narazılığına səbəb oldu.

Qeyd edək ki, Əfsanə Orucovanın bank hesabına 119 min manat pul köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri bildirilir. Qarşı tərəf isə bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər.

İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Lakin yerli və beynəlxalq ictimaiyyət bu ittihamları qəbul etmir. Intiqam Əliyevin hüquq-müdafiə sahəsindəki fəaliyyətinə, xüsusən Avropa Məhkəməsinə göndərdiyi şikayətlərə görə siyasi sifariş əsasında həbs olunduğu qənaətindədir.