XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyul 2016 - 17:22

Rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı100 cinayət işi məhkəmələrə göndərilib

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti var.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.

Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq, hesabat dövründə bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə önəm verilib.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 143 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.