XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 14:08

Fəzail Ağamalıdan daha bir “oğru” açıqlaması

“Saytlardan birinin Rövşən Canıyevlə bağlı mənə ünvanlandığı suallar və mənim həmin suallara verdiyim cavabların bəzi soydaşlarımız tərəfindən sosial şəbəkələrdə və bir sıra saytlarda gedən şərh yazılarında arzuolunmaz notlar üzərində dövriyyəyə buraxılması məndə böyük təəssüf hiss doğurur”.

Bu sözləri Milli Məclisin üzvü Fəzail Ağamalı son günlər onun Rövşən Lənkəranski ilə bağlı verdiyi açıqlama ətrafında başlayan müzakirələrə münasibət bildirərkən deyib.

Deputat yaydığı açıqlamada bildirib ki, o, KİV-ə açıq siyasətçidir: “Bunu mənimlə ünsiyyətdə olan bütün KİV təmsilçiləri bilirlər. Cəmiyyəti maraqlandıran məsələlərlə bağlı KİV-in mənə müraciəti, əgər o müraciət və ya informasiya həm peşəkarlıq, həm də dəqiqlik baxımından problem doğurmursa, tərəfimdən cavabsız qalmır

Jurnalistin adı Azərbaycan və Rusiya mətbuatında tez-tez hallanan Rövşən Canıyevin insani keyfiyyətləri haqqındakı suallarına cavab verməklə, düşünürəm ki, böyük qəbahətə yol verməmişəm”.

F.Ağamalı bildirib ki, heç bir halda Rövşən Canıyevi gənclərə nümunə göstərməyib: “Mən belə bir düşüncənin daşıyıcısı da deyiləm. Siyasətdə olan şəxs və Milli Məclisin deputatı kimi bütün yazılarımda, müsahibə və açıqlamalarımda hər kəsin törətdiyi əmələ görə qanun qarşısında cavab verməsinin zəruriliyini önə çəkmişəm. Və gənclərimizi, soydaşlarımızı həmişə mahiyyətindən asılı olmayaraq cinayətdən uzaq olmağa çağırmışam. Bu, mənim konyukturadan uzaq, hüquqi dövlətə yanaşmağımın fundamental prinsipdi”.

Deputat daha sonra deyib: “Bu gün Azərbaycan dünyanın ən sabit, kriminal vəziyyətin tam nəzarətdə saxlanıldığı nümunəvi ölkələrindən biridir. Demokratik, hüquqi dövlət kimi dünyada ciddi nüfuz qazanan Azərbaycanımızın bu uğuru birmənalı olaraq ölkə prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Tam əminəm ki, gənclərimiz dünən və bu gün olduğu kimi gələcəkdə də Azərbaycanı həm də regionun lider dövlətinə, dinamik inkişaf edən, çiçəklənən ölkəyə çevirən vətənpərvər, qətiyyətli və müdrik prezidentimiz İlham Əliyevdən örnək götürüb və bundan sonra da örnək götürəcək”.