XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 14:48

İlhamə Quliyevanın köməkçisininməhkəmə prosesi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə soyğunçuluqda təqsirləndirilərək həbs edilən, mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə şahid qismində dindirilən Kəmalə Rüstəmova bildirib ki, mərhum İ.Quliyevanı təqsirləndirilən şəxs M.Hüseynova vasitəsilə tanıyıb: "İlhamə xanım mənə zəng edərək Mehribanın saxta sənədlə bağlı əlində səs yazısı olduğunu bildirdi. İlhamə xanımın evinə gedəndə həmin səs yazısını mənə göstərdi. Sonra İlhamə xanım onu bağışladı".

Şahid bildirib ki, M.Hüseynova İ.Quliyevanın evində olarkən Vüqar Bəkirov onun telefonunu və pulunu əlindən alıb: "İlhamə xanım Mehribanı evinə çağıranda Orxan Nadirov, Vüqar Bəkirov, Faiq Ələkbərli və Ülvi Qılınc da orada olub. Bu zaman Vüqar onun telefonunu və 300 manat pulunu əlindən aldı".

Şahid K.Rüstəmovanın sözlərinə görə, İ.Quliyeva M.Hüseynovaya etibarnamə verib: "Daha sonra İlhamə xanım etibarnaməni ləğv etdib. İlhamə xanım Mehribanı çox sevirdi. Hələ də inana bilmirəm ki, bu hadisə baş verib".

Məhkəmənin növbəti iclası sentyabrın 6-da davam etdiriləcək.

Xatırladaq ki, M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilərək barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.