Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov bildirib ki, dünən şahidə ayaqqabı atılması ilə bağlı onlara töhmət verilib. (apa)
Hakim isə deyib ki, bu, onların qərarı olmayıb: "Biz sizi qaydalara əməl etməyə çağırırıq. Bura çağırılan şahidlərin təhlükəsizliyini təmin etmək bizim borcumuzdur".
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Vüqar İsgəndərov ifadə verib. Bildirib ki, 15 dəqiqə atışmadan sonra o, içəri daxil olub və həyətdə bir nəfəri zərərsizləşdirib: "O mənə tərəf qaçdı. Əlində bıçaq var idi. Mən onu zərərsizləşdirdim. Üzərindən beşbarmaq, partlayıcı maddə çıxdı. Adı Əli idi".
Şahid sualları cavablandırarkən bildirib ki, Nardarana iki xüsusi avtomobillə gediblər, hadisədən mənəvi zərər çəkib və sarsılıb, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur.
Vəkil Yalçın İmanov ondan Əli Nuriyevin bədənində olan xəsarətlər barədə soruşub. Bildirib ki, ekspert bununla bağlı rəy verib. Şahid onu zərərsizləşdirən zaman yıxıldığını, xəsarətlərin bundan yarandığını deyib.
Proses günün ikinci yarısında davam edəcək.