Narkotikdən öldüyü bildirilən dünya çempionu ilə bağlı rəsmi açıqlama

Azərbaycan Güləş Federasiyası (AGF) narkotikdən vəfat etdiyi bildirilən dünya çempionu Emin Bəşirovla bağlı rəsmi açıqlama verib.
Trend-in xəbərinə görə, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib ki, güləşçi Emin Bəşirov uzun davam edən xəstəlikdən sonra vəfat edib.
O qeyd edib ki, son illər mərhumun federasiya ilə hər hansı bağlantısı olmayıb: “Mərhum Emin Bəşirov 1998-2002-ci illərdə yeniyetmə və gənclərdən ibarət yığma komandanın tərkibində ölkəmizi təmsil edib. O, 1998-ci ildə Rusiyada yunan-Roma güləşi üzrə Yeniyetmələrin I ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1999-cu ildə Danimarkada yeniyetmələr arasında dünya çempionu, 2000-ci ildə Slovakiyada və 2002-ci ildə isə Yuqoslaviyada yeniyetmə və gənclər arasında Avropa çempionatlarının bürünc medalına sahib olub. Ancaq 2002-ci ildən sonra heç bir güləş yarışında iştirak etməyib. Güləşdən tamamilə uzaqlaşıb, idmançı kimi karyerasını başa vurub. Onun şəxsi məşqçisi Qərib Əliyevdən aldığımız məlumata görə, ömrünün son günlərinə qədər yataq xəstəsi olub. Uzun davam edən xəstəlikdən sonra vəfat edib. Yeniyetmə və gənclik illərində ölkəmizin bayrağını ucaltmış, himnimizi səsləndirmiş bir idmançı olub. Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin!”
Qeyd edək ki, bəzi KİV-lərdə bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu və bu səbəbdən dünyasını dəyişdiyinin ehtimal olunduğu bildirilir.
Xatırladaq ki, Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Qubadlı rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.