Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Təqsirləndirilən şəxs ittihamları qəbul etməyib.
Məhkəmə prosesi sentyabrın 28-də davam etdiriləcək.
İttihama görə, Ə.Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum ediliblər və məhkəmə zalından azadlığa buraxılıblar.