Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (BNMİ) Yasamal rayonu ərazisində yerləşən apteklərdən birində dövriyyəsi qadağan edilən narkotik tərkibli dərmanların satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin aptekdə işləyən Şirvan şəhər sakini Tural Abıyev güclü psixotrop təsirə malik olan 9 ədəd “Lyrica” kapsulunu satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxsin işlədiyi aptekə baxış zamanı oradan əlavə olaraq psixotrop tərkibli 3200 ədəd “Tramadol”, 112 ədəd “Lyrica”, 1335 ədəd “Pregabalin” kapsulaları, 165 ədəd “Tradolex” ampulaları və 4 ədəd “Tropicamide Mydrax” flakonu aşkar olunaraq götürülüb.
İlkin dindirmə zamanı T.Abıyev işlədiyi aptekdə həmin dərmanların satışını həyata keçirdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.