Laçın Səmla
Alman bir tanışım vardı – Kristian. Həmkarlar İttifaqında müqavilə ilə çalışırdı. Mənimlə çox zaman mübahisə edərdi ki, millətçi, dövlətçisən. Amma bu xristian Kristianın dövlət bayrağımıza olan sevgisinə görə, onunla olan mübahisədə yorulmur, bezmirdim.
Onun mobil telefonunda üç rəngli bayrağımızın şəkli vardı. Hətta deyirdi ki, yaşadığı mənzilin pəncərəsindən Dövlət Bayrağı Meydanına gözəl mənzərə açılır: “Hər səhər yuxudan qalxanda bir fincan qəhvə əlimdə sizin o dalğalanan möhtəşəm bayrağınızı seyr edirəm. Bu, mənə ruh verir. Sevirəm sizin bayrağınızı. Mən deyərdim, Azərbaycan Bayrağı dünyanın ən gözəl bayrağıdır”.
O, yaşadığı mənzilin qapısının dəstəyindən üçrəngli (göy, qırmızı, yaşıl) lent bağladığını fəxrlə danışırdı. Deyirdi ki, binanın mühafizəçisi bunun səbəbini soruşduqda, bayrağımıza sevgisindən irəli gəldiyini bildirib.
Bəzən Kristian mənzilində su və digər problemlərlə qarşılaşdığını deyirdi. Ona “niyə mənzilini dəyişmirsən?” deyə sual etdikdə, cavab verirdi ki, ehtiyat edirəm, birdən yeni yaşayacağım mənzilin pəncərəsindən bayrağınızı görə bilməyim.
Alman tanışım ölkəsinə getməzdən əvvəl mənzilinin qapısına bağladığı o üç rəngli lenti mənə verərək, onu bərk-bərk saxlamağımı istədi. Dedi ki, mən getdikdən sonra yeni gələn biri bunun mənasını anlamaz və açıb ata bilər, amma sizin bayrağınız atılan bayraq deyil.
Kristianın mənə verdiyi o əmanəti illərdi evimdə, gözümün önündə saxlayıram. Yadigar olaraq deyil, əmanət olaraq…
Bu gün bayrağımız naminə şəhid olanların cənazələri o bayrağımıza bükülür. Bəzən də şəhidlərin baş daşına bağlayırlar. Ya da məzarın yanında bir dirəyə bağlanır. Amma elə kreslo sahibləri, icra başçıları var ki, nəyisə bəhanə edib o bayrağı o dirəklərdən, baş daşlarından açdırır. Onlar oturduqları kreslolardan bərk-bərk yapışmaqdan, pulları qucaqlamaqdan başqa nə anlarlar ki? Onlar nə bilir dövlət nədir, millət nədir, bayraq nədir?.
Bayraq qiymətini ölkəni, millətini sevən bilər. Bu şanlı Vətənin uğrunda minlərlə can qurban verildi, sinələr hərbə meydan olanda bayrağımız öndə getdi. Onların Vətən uğrunda can verəni olmayıb ki, bayrağın nə olduğunu anlasınlar. Gülüstan ölkədə otursalar da, üç rəngli bayrağımla məğrur yaşamayıblar. Namusu hifz etmək – bu da onlara aid deyil. Söhbət Vətən, Dövlət, Bayraq namusundan gedir…
…Nə yaxşı ki, Kristianın Azərbaycan məmurunun bayrağa olan münasibətindən xəbəri yoxdur. Bayrağımıza, şəhidimizə olan münasibəti bilsəydi, o başçının yerinə mən xəcalət çəkərdim…