XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

22 Avqust 2017 - 18:30

Vətəndaş müraciətlərinə baxılması ilə bağlı yeniliklər –Qanunvericilik

vetendash-muracietleri-4

Demokratik təsisatlarının daha da möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmini üçün cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılması böyük əhəmiyyət daşıyır.  Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanunu və bu qanunun tətbiqi barədə 12 noyabr tarixli Fərman qanunvericiliyə bir sıra yeniliklər gətirib.

 

Müraciətlərə hansı hallarda baxılmayacaq?

 

Qanunda nəzərdə tutulan yeniliklərdən biri də müraciətlərin baxılmamış saxlanması ilə əlaqədardır (maddə 8). Belə ki, qanunda müraciətlərin baxılmamış saxlanması üçün hüquqi əsaslar konkretləşdirilib. Qeyd olunur ki, qanuna uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda, müraciət qanunda  göstərilən tələblərə cavab vermədikdə, müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda və s. hallarda müraciət baxılmamış saxlanılır.

Burada əhəmiyyətli yeniliklərdən bir bundan ibarətdir ki, eyni bir şəxsin təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, həmin müraciət baxılmamış saxlanılır.

Müraciət baxılmamış saxlandığı hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsinin üzərinə qanunla bəzi vəzifələr də qoyulur. Belə ki, müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verməyə borcludur. Eyni zamanda müəyyən olunur ki, müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir.

 

Telefonla müraciətlərə necə baxılmalıdır?

 

Qanunun prinsipial xarakterli yeniliklərindən biri də canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətlərinin normativ qaydada müəyyən edilməsidir. Qanunda nəzərdə tutulur ki, canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır; belə müraciətlərinin dərhal cavablandırılması mümkün olmadıqda isə müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması ümumi qaydada həyata keçirilir.

Qanunda telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərlə əlaqədar konkret xüsusiyyətlər nəzərdə tutulmur; yalnız qeyd olunur ki,  belə müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) müəyyən etdiyi qaydada həyata keçirilir. Lakin bu qaydalar indiyə qədər müəyyən edilməyib.

 

Bu məqalə Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun icra etdiyi  “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində Avrasiya Əməkdaşlıq Fondunyla “Konstitusiya”  Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov arasında bağlanmış ““Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” adlı xidmət çərçivəsində dərc olunur. 

Strateq.az