XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2015 - 07:57

Qubada sinaqoqu hansı məmur özəlləşdirib? – Deputatdan sərt sual

Parlamentin dünənki iclasında gözlənilmədən Qubadan deputat seçilmiş yəhudi əslli Yevda Abramov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova sürpriz olan açıqlamada bulunub.

Deputat bildirdi ki, Kərəm Həsənovun Qubadakı işçiləri onu aldadaraq, daha doğrusu, ondan xəbərsiz sinaqoqu qanunsuz yolla özəlləşdiriblər. Deputat elə zaldaca Kərəm Həsənova müraciət edərək məsələni nəzarətinə götürməsini, onu aldadan işçiləri barədə tədbir görülməsini istədi.

İclasadan dərhal sonra Moderator.az-a açıqlamasında Yevda Abramov bildirdi ki, elə zaldaca Kərəm Həsənov bu çıxışından sonra onunla görüşüb və məsələnin araşdırılacağına, təqsirkarların ciddi cəzalandırılacağına söz verib:

“O söz verdi ki, dəqiqliklə araşdıracam. Mən zalda dedim ki, Qubadakı nümayəndəniz sizi aldadıb. Belə çıxır ki, onlar sizə həmin binanın sinaqoq olduğunu qəsdən deməyiblər. Ona dedim ki, bu yaxınlarda rayonda yeni icra başçısının hesabat yığıncağında mən məsələni ictimailəşdirmişəm. Prezident Aparatının rayon üzrə kuratoruna da məlumat vermişəm ki, bu məsələ ilə çox ciddi məşğul olmaq lazımdır, çünki xalq çox narazıdır. Yəni bizim inanc yerimiz özəlləşdirilib, özü də bu zaman özəlləşdirmənin qanunları da pozulub. Ora qanuna görə Nazirlər Kabinetinin özəlləşdirilən obyektlərin siyahısında olmalı və elan edilməli olduğu halda bunu etməyiblər. Həmin binaların biri inanc yeridir, digəri isə unikal memarlıq nümunəsidir. Yəni dövlət qurumunun balansında olan binanın üst mərtəbəsi qalıb, alt mərtəbəsini özəlləşdiriblər. Buna kim icazə verib? Tutaq ki, sabah birinci mərtəbəni özəlləşdirmiş adam deyər ki, mən bunun daşını və divarını söküb satıram. O zaman ikinci mərtəbəni nəyin üstündə saxlayacaqlar? Elə hesabat yığıncağında da belə dedim ki, əgər bir adam bunu pul verib özəlləşdirbsə, deyəcək ki, kefim necə istəyir elə istifadə edəcəm və ya lazım gəlsə sökəcəm. Ona görə də məsələ camaatı çox narahat edir və ümid edirəm ki, komitə sədri ən qısa zamanda məsələni yoluna qoyacaq.”