XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 15:50

Yanan binanın külü altından MTN çıxır –Sensasion faktlar

bina-yanan-bine

2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın ölkəni sarsıtmaqla yanaşı, “Günahkar kimdir?” sualını da indiyədək açıq saxlayır.  

Rəsmi açıqlamada yanğına divar üzlüyü olan poliuretanın səbəb olduğu deyilirdi. Açılmış cinayət işi də bu yöndə aparılırdı. Lakin ilk gündən cəmiyyətdə Binəqədi yanğını ilə bağlı digər bir ehtimal da geniş yayılmışdı. Düzdür, bunu yüksək səslə bəyan etmirdilər, amma insanlar, zərərçəkmişlər hesab edirdilər ki, bu məsələdə təxribat əməli var.

Bəs təxribatı kim törədə bilərdi?

Yanğınla bağlı başlanmış məhkəmə prosesində sensasiyalı  detallar üzə çıxıb.  Həbs olunmuş “Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov dünənki prosesdə yanğına görə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyini ittiham edib. “Bu binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib”, – deyən Yusifov daha sonra bildirib ki,  yanğından əvvəl şirkətin əməkdaşlarından biri MTN-ə çağırılıb, onlardan pul tələb olunub: “Adamlar MTN-də baş verənlər barədə oktyabrın 16-dan sonra danışmağa başladılar. Amma mən hələ avqustun 20-də Kürdəxanıda müstəntiqə başımıza gələnləri danışmışdım. Demişdim ki, Xətaidəki yanğından sonra bizi şirkətimiz haqda dövlət rəhbərliyinin yanında mənfi rəy formalaşdırmaqla təhdid ediblər, pul istəyiblər. Konkret adamların adlarını, onların telefon nömrələrini dedim”.

Kifayət qədər ciddi ittihamdır…

Strateq.az-ın əldə etdiyi məhkəmə materiallarına baxış zamanı baş vermiş faicədə təxribat versiyası “qırmızı xətt” kimi keçir. Hər şeyi aydınlaşdırmaq üçün bir qədər əvvələ getmək lazım gəlir…

10 aprel 2015-ci il tarixdə Xətai rayonu ərazisində TNH şirkətinin poliuretanla üzlədiyi binada yanğın hadisəsi baş verdi. Foto və videolarda hündürmərtəbəli və yeni üzlənmiş binanın yanmasını göstərən kadrlar adamda vahimə yaradırdı. Xoşbəxtlikdən tələfat olmadı. Yanğın baş verən gün Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə cinayət işi başlanıldı. Qeyd edək ki, yanğının təxribat məqsədilə törədilməsi versiyası da əsaslı versiyalardan biri idi. Bu versiyanı öz növbəsində kecmiş Milli Təhükəsizlik Nazirliyinin əməkdaşları yoxlamalı və bu təhqiqat orqanı tərəfindən məruzə olunmalı idi.

Beləliklə, MTN bu məruzəni hazırlamaq üçün yoxlamaya başlayır. Yəqin ki, sadə oxucunun gözü qarşısında sovet filmlərində göstərilən cəsur və peşəkar sovet çekistləri barədə təsəvvürlər canlanır.

Lakin, əfsuslar ki, bu, belə olmur…

25 aprel 2015-ci il tarixdə keçmiş MTN-nin səlahiyyətli şəxsi “Qlobal Konstrakşn” şirkətinin təhlükəsizlik üzrə direktor müavini, keçmiş MTN əməkdaşı (bu şəxs uzun illər MTN-nin Əməliyyat İdarəsində çalışmış rütbəli şəxsdir) Arif Rüstəm oğlu Əliyevi nazirliyə dəvət edir. Onunla söhbətində bildirir ki, işlədiyi şirkət də poliuretan materialı ilə üzləmə işlərini həyata keçirir. Söhbəti dağa-daşa salmayan MTN zabiti sabiq həmkarı A. Əliyevə deyir ki, Xətaidə olan yanğını təhqiq edirlər.

Oxucu sual verə bilər ki, “burada qeyri-adi nə var?”, plastik üzlük edən digər şirkətin üzlədiyi bina yanıb. Odur ki, oxşar məhsul istehsal edən “Qlobal Konstrakşn”ın da sorğu-sual edilməsi tam məqbuldur.

Ancaq nəticə çıxarmağa tələsməyin…

MTN əməkdaşı A. Əliyevə deyir ki, rəhbərlik Xətaidəki hadisənin təxribat məqsədilə qəsdən törədilib – törədilməməsi ilə bağlı məruzə etməlidir. Əliyevə bildirilir ki, çalışdığı şirkətlər tərəfindən MTN-ə 300.000 (üç yüz min) manat ödənilməsə, şirkət və material haqqında pis rəy yaradacaqlar, hadisənin səbəbinin təxribat məqsədli qəsd deyil, üzlük material olmasını bildirəcəklər. Bunu şirkətin rəhbəri Mahmudova çatdırmağı tələb edirlər.  Həmin gündən 12 may 2015-ci il tarixədək keçən 13 gün müddətində hər gün MTN-nin əməkdaşı Arif Əliyevə zəng edərək nə qərara gəldiklərini soruşur və rəhbərliyə məruzəni geçikdirdiklərini vurğulayır.

Nəhayət, 13 may 2015-ci ildə “Qlobal Konstrakşn” şirkətinin təhlükəsizlik üzrə direktor müavini Arif Əliyev MTN-nin elçisi olan iki əməkdaşını şirkətin ofisində təsisçilərdən biri olan Miryusif Mahmudovla  görüşdürür. Həmin şəxslər bildirirlər ki, Miryusif Mahmudov onlara 300.000 (üç yüz min) manat verməlidir. Əks halda material və şirkətlə bağlı ölkə başçısında pis rəy yaradacaqlar. M.Mahmudov bu şəxslərlə razılaşmır, məbləği verməyəcəyini bəyan edir. Şantajdan qorxmadığını deyir… Lakin qarşıdan Avropa oyunları kimi mötəbər tədbirin gəlməsilə bağlı MTN əməkdaşlarının təhlükəsizlik tədbirləri keçirməli olduğunu nəzərə alaraq, maliyyə dəstəyi kimi, tələb olunan məbləğin dörddə bir hissəsini, yəni 50.000 manat verir. Gələnlər pulu götürsələr də, narazı halda ofisi tərk edirlər…

MTN işçilərinin bu davranışları ofisdə qanqaraçılıq yaratsa da, bundan qabaq baş vermiş bəzi sevindirici hadisələrin təsiri altında tez d ötüb keçir. 

Xatırladaq ki, may ayının 7-də “Qlobal Konstrakşn” şirkəti tərəfindən əsaslı təmir işləri həyata keçirilən Azərbaycan Veteranlar Təşkilatının yeni inzibati binasının rəsmi açılışı olmuşdu və binanın açılışında Prezident  İlham Əliyev də iştirak etmişdi. Bina ilə tanış olan dövlət başçısı görülən işlərdən razı qaldığını vurğulamışdı. Hətta açılışda “Global Stone” şirkətinin təsisçisi Miryusif Mahmudov “Veteran Həmrəyliyi” medalı ilə də təltif olunmuşdu və bütün bunlar televiziyalarda göstərilmişdi…

Lakin bu sevinc uzun çəkmir…

Acılışdan 8 gün sonra – 16 may 2015-ci il tarixdə Azərbaycan Respublikasının Veteranlar Təşkilatının yeni inzibati binasına bitişik binada yandırıcı maye ilə isladılmış kəndirlər salladaraq (hadisə yerinin müayinə protokolu mövcuddur) onun damında güclü yanğın törədilir. Bitişik binanın damı güclü mənbə rolunu oynayaraq yandırılır. Xoşbəxtlikdən FHN-ın yanğınsöndürənləri vaxtında yetişir və faciənin qarşısını alırlar. Faktla bağlı Nərimanov polis idarəsində qəsdən yandırma faktı ilə bağlı cinayət işi başlanır…

Veteranlar Binasının açılışından cəmi 12 gün sonra isə  – 19 may 2015-ci ildə isə ölkəni şoka salan Binəqədidəki Azadlıq prospekti 200/36 ünvanındakı binada  güclü yanğın hadisəsi baş verir…

 

Məhkəməyə təqdim edilən faktlarda olduqca maraqlı detallar var

 

Miryusif Mahmudov məhkəmədə deyib ki, yanğın başlayandan dərhal sonra onun şirkətlərinin ofisinə MTN əməkdaşları silahlı basqın edib: “Saat 12-yə 15 dəqiqə işləmiş hadisə yerinə yanğınsöndürən maşınlar gələndə eyni vaxtda bizim ofisimizdə xüsusi əməliyyat keçirildi".

İstintaqın materialları ilə müəyyən olunub ki, binada saat 10:15-də tüstülənmə, 10:35-də isə alovlanma  müşahidə olunub. Yanğınsöndürmə xidmətinə isə məlumat  saat 10:45-də daxil olub.  11:10-da yanğınsöndürənlər hadisə yerinə çatıblar…

Saat 11:40-də “Qlobal Konstrakşn” MMC-nin Ağasadıq Gəraybəyli kücəsi 23b ünvanda yerləşən ofisi 31 MTN əməkdaşı və bu idarənin 7 maşını ilə mühasirəyə alınır. MTN əməkdaşları ofisə daxil olaraq axtarış həyata keçirirlər, kompüterlər, rəsmi sənədlər götürülür, ofisin mühafizə kamerasının yaddaş kartı çıxarılır. 12:30-da şirkətin təsisçilərindən biri olan Miryusif Mahmudov artıq MTN-nin inzibati binasına aparırlar.

Qəribədir: Yanğınsöndürmə maşınları saat 12-yə 15 dəqiqə işləmiş hadisə yerinə çatır. Hələ binanın nədən yandığı barədə heç nə məlum deyil. Amma eyni vaxtda şirkətin ofisində xüsusi əməliyyat keçirilir.

Rəsmi məlumata görə, yanğın saat 17.30-da söndürülüb. Deməli, yanğının səbəbi, günahkarın kimliyi yalnız bundan sonra aparılacaq araşdırmalardan sonra  məlum ola bilərdi… Bəs MTN niyə “isti-isti” ofisi möhürləyib? Onlar yanğının  məhz bu üzlükdən baş verdiyinə necə əmin olublar?

MTN-nin inzibati binasında Miryusif Mahmudov saat 17:00-a kimi saxlanılıb dindirilsə də, dindirmə protokolları, alınan ifadələr iş materiallarına əlavə edilmir.

Sual doğuran digər məsələ yanğın başlanan dəqiqələrdə KİV-ə ötürülən məlumatlardır. 19 may 2015-ci il saat 10:30-da artıq kütləvi informasiya vasitələri Azadlıq prospektindəki 16 mərtəbəli binada yanğın baş verməsi və yanğının səbəbinin üzlük material olması barədə xəbər yaydılar. Lakin bu səbəb barədə heç bir mənbə göstərilmir. Yanğının səbəbi barədə rəy hadisədən 10 ay sonra 30 mart 2016-cı ildə verildiyi  halda, necə olur ki, KİV-lər yanğın başlayan kimi onun səbəbini bilir və bu barədə informasiya yayırlar? Yanğın başlayan kimi, dərhal onun baş vermə səbəbi müəyyənləşməmiş, bu səbəbi kim müəyyən edib mətbuata ötürüb?

Məhkəməyə təqdim edilmiş faktlardan görünür ki, yanğın mütəxəssisləri yanğının mənbəyini hadisədən 14 gün sonra-  03 iyun 2015-ci il tarixdə müəyyən edib və səbəbi barədə rəyi isə hadisədən 10 ay sonra – 30 mart 2016-cı ildə verib.

Burada adamı heyrətə salan daha bir nüans var: yanğın mütəxəssislərinə yanğının mənbəyini MTN əməkdaşı Xəyyam Əlaləm oğlu Babayev göstərib. Xəyyam Əlaləm oğlu binaya bitişik tikilinin üstündə yanğının başladığı yeri göstərir və ekspertlər də həmin yeri yanğının mənbəyi kimi müəyyən edir.

Niyə başqa şəxs yox, məhz Rusiya Federasiyasının Xabarovsk vilayətində doğulub təhsil almış MTN əməkdaşı Xəyyam Babayev bu mənbəyi göstərib?

Göründüyü kimi, yanğının mənbəyi belə, MTN-nin işarəsi ilə müəyyən edilir.

Maraqlıdır ki, yaşayış binası özü də təxribat törətmək üçün kifayət qədər əlverişli məkanda yerləşib. Bir tərəfdə Dövlət Mühafizə Xidmətinin, Mərkəzi Seçki Komissiyasının və İcra Hakimiyyətinin binalarının olduğu ərazi ilk baxışdan ən sabit və təhlükəsiz sayıla bilər.

Görünür, yanğını törədənlər bütün detalları nəzərə alıblarmış:

Yanğın səhər hamının evdə olduğu vaxt başlayıb. SSRİ zamanı tikilmiş bu binanın yanğın su ehtiyat hovuzu olmayıb. Hadisə baş verən zaman isə yanğın-təxliyə (dam) çıxışları qıfılla bağlı olub. Binaya qaz verilmədiyi üçün mənzillərin  90% qaz balonları işlədirdi. Bu barədə fakt Abid Şərifovun ANS-ə verdiyi müsahibəsində də öz əksini tapır. Şərifov binada balon qazından istifadəni “ölümlə oynamaq” adlandırır. Binanın əlverişsiz vəziyyətdə olmasını göstərən daha bir fakt: yanğını söndürmək üçün yanğınsöndürən maşınlar üç tərəfdən binaya daxil olmağa cəhd etsələr də, yaxınlaşa bilməyiblər.

yanan-bina-namelum-olen

 

Şahidlər nə deyir?

 

Hadisə günü şahidlərin dediyi bir sıra ifadələr də bu “yanğın əməliyyatı"nda xüsusi xidmət orqanlarının əlinin olması barədə versiyanı gücləndirir.

Məhkəmə iclasında Bakı ş., Azadlıq pr. ev 200/36, mənzil 12 ünvanının sahibəsi, iş üzrə zərərçəkmiş şəxs, 2 yaşlı nəvəsi Ayxanı yanğında itirmiş Babayeva Zəhra Tofiq qızının ifadəsindən:

“…Kürəkənim yanan binaya daxil olub evdə olan uşağı xilas etmək istəyirdi. Biz yanğınsöndürənlərə yalvarırdıq ki, bizi binaya buraxsınlar, lakin bizə imkan vermədilər. Kürəkənimin köynəyinin üstündən iynə vurub onu huşsuz vəziyyətə saldılar. Bundan başqa, hadisə günü saat 09:50-də evdən çıxmışam və dəqiq yadımdadır ki, adəti üzrə pəncərədən aşağı baxdıqda binaya bitişik qeyri-yaşayış sahəsinin üzəri təmiz idi, heç bir zibil kütləsi yox idi…”.

Köynəyin üstündən iynəni polis, yanğısöndürən və ya təcili tibbi yardım əməkdaşı vura bilməz. Bu, yalnız xüsusi xidmət orqanlarına xas olan “tədbirdir”.

Hadisə günü şahidlər binanın həyətində naməlum, əlinin üstü “nakolka"lı, bina sakini olmayan 16-cı meyit görürlər. Lakin bu meyit yoxa çıxır. Burda da xüsusi xidmət orqanlarının “dəsti-xətti “görünür.

Məhkəmə iclasında Azadlıq pr. ev 200/36, mənzil 46 ünvanında yaşayan zərərçəkmiş şəxs Daşdəmirov Zəmanət Möhübbət oğlu məhkəməyə özündə olan, yerə uzanıqlı vəziyyətdə olan və üzü örtülmüş kişi cinsindən bir şəxsi əks etdirən fotoşəkil təqdim edib. O bildirib ki, şəkili internetdən çıxarıb: “Şəkildəki adamı hadisə yerində görmüşdüm, “nakolka”lı idi. Mən hadisə zamanı ora-bura qaçan zaman dedilər ki, adam düşüb. Şəkildəki adamın uzanıqlı vəziyyətdə görüntüləndiyi pilləkən həmin yanan binanın pilləkənidir. Həmin pilləkən binanın qarşı hissəsindədir. Mən həmin binaya girdim. Çıxanda isə meyiti pilləkənin üstündə gördüm, onun üzü artıq örtülü idi. Bilinirdi ki, şəkildəki həmin adam ora düşməyib, onu pilləkənin yanına kimlərsə aparıb qoyub. Mən həmin adamı hadisə zamanı binanın yanında gördüyüm üçün maraqlandım və şəkili internetdə gördükdə həmin adamın şəkli olduğuna əmin oldum. Hesab edirəm ki, yanğın həm Avropa oyunları ərəfəsində törədilmiş təxribat ola bilər, həm də başqa bir hadisə nəticəsində ola bilər. Araşdırma aparmaq istədim, lakin mənə zəng vurub hədələdilər ki, sakit ol”.

Xatırladaq ki, yanğın nəticəsində dünyasını dəyişən 15 nəfərin hamısı tüstüdən boğularaq ölüblər. Yalnız bir nəfərdən – binada kirayə qalan Yaşar Nəcəfzadədən başqa…

Zəmanət Daşdəmirov bununla bağlı bildirib: “Binadan yerə düşən Yaşarı üzdən tanıyırdım. Həmin əlinin üstü "nakolka"lı meyit özünü binadan atan Yaşarın meyiti deyildi. Çünki mən bu meyiti görəndən təqribən 40 dəqiqə sonra Yaşar özünü atdı. Həm də Yaşar adətən kostyumda olurdu, şəkildəki meyit isə dəri kurtkadadı. Görünən odur ki, şəkildəki adam Yaşar deyil. Şəkildə əks olunmuş və hadisə zamanı özümün gördüyüm adamın başının altından qan axırdı, bəlkə də, zərbə vurublar. Bundan başqa, bina ilə poliuretanın arasında olan 40 sm məsafə arasında nəyinsə yandığını görmüşdüm…”.

Təqdim olunan şəkildəki meyitin başının altında qan gölməçəsi aşkar görünür. Həm də bu meyit 15 meyitin içində yoxdur. Naməlum 16-cı meyit faktı ortaya çıxır.  Şahid Daşdəmirov Zəmanətin “sakit ol” deyə hədlənməsi də yuxarıdakı şübhələri bir qədər dərinləşdirir…

 

Başqa bir fakt…

 

Məhkəmə islasında zərərçəkmişlərin ifadələri ilə müəyyən olunub ki, yanğının mənbəyinin olduğu ehtimal edilən binaya bitişik tikilinin üstü həmişə təmiz olub. Lakin hadisə günü sakinlər onun üstündə bir-birindən 1-1,5 metr aralı məsafədə 3 lopa görüblər. Həmin lopalar yanırmış, yanğın da ordan başlayıb.

Azadlıq pr. ev 200/36, mənzil 41-də yaşayan zərərçəkmiş şəxs Mahmudova Naibə İnqilab qızının məhkəmədə verdiyi ifadə bu baxımdan maraqlıdır:

“…Pəncərədən aşağı baxanda gördüm ki, birinci mərtəbənin səviyyəsində yerləşən qeyri-yaşayış binasının üzərində 2 dənə top şəklində, yəni yumru lopa yanır. Elə bil ki, sıxıb qoymuşdular ora. Həmin yanan lopalar bir-birindən təxminən 40-50 sm aralı məsafədə idi, biri binaya yaxın, digəri isə bir qədər aralıda idi. 10 dəqiqə keçməmiş möhkəm tüstü çıxdı və bina alovlandı”.  

Məhkəmə iclasında ifadə verən zərərçəkmişlər yanğın zamanı "Alazan" mərmisi səsinə oxşayan partlayış səsləri eşitdiklərini bildiriblər. Məhkəmə iclasında ifadə verən Bakı ş., Azadlıq pr. ev 200/36 mənzil 5 ünvanında kirayədə yaşamış zərərçəkmiş şəxs Səfərov Şamilin ifadəsindən:

“…Mətbəxə keçərkən tüstü gördüm, poliklinikanın binaya birləşən hissəsində, düz yaşadığım mənzilin pəncərəsinin altında. Əvvəl əhəmiyyət vermədim, lakin birdə baxanda gördüm ki, tüstü artır. Yarım dəqiqə keçməmiş partlayış səsi eşitdim və partlayışdan sonra alov qalxdı. Partlayışla bərabər binanın üzlük materialı yana-yana töküldü. Partlayış səsi çayxananın aşağı hissəsindən gəlirdi və sonra bina alovlandı…”.

İttihamçı partlayışın necə səs elədiyini soruşanda zərəçəkmiş şəxs bildirdi ki, “binadakı partlayışın səsi "Qrad"ın, "Alazan"ın partlayış səsinə oxşar bir səs idi”…

yanan-bina-yasar

Məhkəmə ifadələrində qeyd olunur ki, binanın daimi sakini olmayan, hadisədən bir-iki ay əvvəl lifti işləməyən bu binanın 15-ci mərtəbəsində mənzil kirayə götürən kirayənişin Yaşar Nəcəfzadənin yanğın zamanı yerə düşməsi bu hadisədə qəsdin olduğunu bir daha təsdiqləyir. Həmin adamın özünü atarkən suya “baş vururmuş” kimi uçuşu (yanğından can qurtarmaq üçün tullanan adam heç olmasa düşəcəyi yüksəkliyi bir qədər azaltmaq üçün sallanaraq tullanardı) onun özü-özünün atmasını deyil, kiminsə ona “kömək etdiyini” göstərir. Çünki Yaşarla eyni vaxtda, eyni mərtəbədən aşağı düşən 55-60 yaşında adam pilləkənlərlə sərbəst şəkildə gəlib bayıra çıxa bilib, amma bu idmançı oğlan isə nədənsə bayıra çıxa bilməyərək “özünü yüksəklikdən atır”.

Ən maraqlısı isə bu gəncin yaşadığı mənzildə pəncərənin olmamasıdır. Onda bu şəxs özünü haradan atıb? İstintaq hətta bu şəxsin özünü haradan, hansı pəncərədən, hansı mənzildən atmasını da müəyyənləşdirməyib, ümumiyyətlə bu ölüm faktını araşdırmayıb. Görəsən niyə? 

Yanğından sonra şəhərdə əhali arasında panika düşməsi də bu həyəcanın xüsusi olaraq təşkil edilməsi şübhələrini yaradıb.

Məhkəməyə təqdim edilmiş materiallarda bununla bağlı bir sıra suallar var:

19 may 2015-ci il. Yanğın söndürülməmiş, poliuretan üzlüklü binaların “sökülmə panikası” başlanır. Nədənsə bu sökülmə yanan binanın yanındakı binalardan deyil,  təxminən, 30 km aralıqda – Sabunçu rayon İcra Hakimiyyətinin düz yanındakı (M.Fətəliyev 35 ünvanında yerləşən) vəhhabilərin çoxluq təşkil etdiyi binada və eyni zamanda təxminən 30 km digər istiqamətdə Sumqayıtda (H.Əliyev prospektində) başlayıb.

Bu məqsədli “kütləvi narazılıq” dalğasının süni yaradılması kimi xüsusi xidmət orqanlarının çox peşəkar hazırlanmış işinə bənzəyirdi.

 

Gəncədə yanğın müəmması

 

Hadisədən 5 gün sonra – 24 may 2015-ci il  Gəncədə Dədə Qorqud 2 ünvanda yerləşən binada əllərində kerosin kanistri olan 2 nəfər (biri Rusiya vətəndaşı, digəri isə müddətdən artıq xidmət edən Samux rayonu Əliuşağı kənd sakini 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşı) gecə saat 03:30-da yaxalanaraq Gəncə şəhəri Kəpəz rayon polis şöbəsinə təhvil verilir. Polislər isə öz növbəsində Gəncə ş. İcra Hakimiyyətinin hüquq şöbəsinin məsul işçisi Pərvin Kazımova məlumat veriblər ki, saxlanılanları MTN-ə təhvil veriblər. MTN-də isə bu məsələ “itir”.

Hadisənin istintaqı zamanı məsələ aşkara çıxır. Ən vacib şahid olan Gəncə şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin məsul işçisi Pərvin Kazımov müdafiə tərəfindən istintaqa təqdim edilsə də, naməlum səbəbdən o, verdiyi ifadəni danır. Halbuki Kazımovun vəkillərə 4 şahidin iştirakı ilə  verdiyi ifadəsinin səs yazısı var və bu ifadənin stenoqramı istintaqa təqdim edilib. Hədə-qorxu gəlinən şahid təbii ki, qaçıb gizlənir və ifadə vermək istəmir.

Bundan başqa, yazının əvvəlində adı qeyd olunmuş “Qlobal Konstrakşn” MMC-nin direktorunun təhlükəsizlik üzrə müavini, keçmiş MTN əməkdaşı Arif Əliyev hansısa naməlum səbəbdən şahidlik etmək istəmir…

Binəqədidəki hündür mərtəbəli binada baş verən yanğının bütün ölkənin ciddi hazırlaşdığı və hazırıq işlərinin son mərhələyə qədəm qoyduğu Avropa Oyunlarına hazırlıq vaxtı və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrinin çox mühüm Riqa sammitindən 1 gün əvvəl baş verməsi xüsusi diqqət çəkirdi.

Baş vermiş hadisələrin ciddi analizi, soyuqbaşla təhlili təxribat versiyasının heç də konspiroloji nəzəriyyə tərəfdarlarının xəyal gücünün məhsulu olmadığını da deməyə əsas verir. Eyni zamanda bu versiyanın indi daha ciddi araşdırlmasını zəruri edir. Hadisədən dərhal sonra – mayın 20-də keçirilən dövlət komissiyasının iclasına rəhbərlik edən prezident İlham Əliyev yanğının səbəblərinin ciddi şəkildə araşdırılmasını tələb etmişdi. “İlkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan artıq neçə ildir ki, Bakıda istifadə olunur və buna oxşar hadisələr baş verməyib”– deyə dövlət başçısı söyləmişdi. Göründüyü kimi, təxribat versiyasının mümkünlüyü istisna edilməyib və ən yüksək səviyyədə buna ciddi diqqət yetirilib. Faktları diqqətlə götür-qoy etdikdə, araşdırdıqda hər şeyin ilk baxışda göründüyü, təqdim edildiyi kimi olmadığı aydınlaşır. 

İctimaiyyəti isə cavablandırılmamış çox ciddi suallar narahat edir: yanğın hadisəsi niyə baş verdi? Yanğın hadisəsi təxribat idimi?  

Bu gün məhkəmədə açıqlanan ifadələr ləğv edilmiş MTN-lə bağlı ciddi şübhələrə rəvac verir. Bunları aydınlaşdırmaq isə məhkəmənin üzərinə düşür…

A. Abbasov

yanan-bina-hediyyeler